Xəbərlər
Müdafiə Sənayesi Nazirliyinin məhsulları Türkiyədə “IDEF-2017” sərgisində nümayiş etdiriləcək

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək İstanbulda keçiriləcək “IDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.
MSN-dən bildiriblər ki, dörd gün davam edəcək sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.
Səfər çərçivəsində Yavər Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.