YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Qessel: Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri alqışlayırıq

Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzil probleminin həlli ilə bağlı gördüyü işlər alqışa layiqdir. Bu, heç də tez-tez rast gəlinən nümunə deyil. Digər dövlətlər də Azərbaycanın bu təcrübəsindən istifadə edə bilərlər.

Bu fikirlər martın 15-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar qəbul etdiyini xatırladan Baş nazirin müavini Əli Həsənov bildirdi ki, biz bunu yüksək qiymətləndiririk. Bu işlər davam etdirilməli və gücləndirilməlidir. Münasibətlərdə ikili standartlara yol verilməməlidir. Ancaq bəzən AŞPA üzvlərinin içərisində qeyri-obyektiv çıxışlar da olur. Təbii ki, bunlar olmasa daha da yaxşı olar. Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunu 100 illik müstəqillik tarixi olan dövlətlərlə müqayisə etsəniz, ölkəmizin bu qısa zamanda böyük uğurlar qazandığını görərsiniz. Bu məsələlərə müqayisəli yanaşılmalıdır.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladan Əli Həsənov qeyd etdi ki, münaqişənin həlli məsələsi həddən artıq uzanıb. Dövlət Komitəsinin sədri dedi: “Əgər son 30 illə bugünkü vəziyyəti müqayisə etsək, görərik ki, dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artaraq 60 milyonu keçib. O cümlədən münaqişə zonalarının sayı da iki dəfə artıb. Bizim vəziyyətimiz digər münaqişə zonalarından fərqlidir. Çünki torpaqlarımızın 20 faizi qonşu dövlət tərəfindən işğal olunub. Hər iki dövlət də Avropa Şurasının, eyni zamanda, digər beynəlxalq təşkilatların üzvüdür. Bu, yolverilməz haldır. Biz müharibə istəmirik. Biz ermənilərlə qonşuluqda, bir yerdə yaşamaq istəyirik, necə ki, 200 il bir-birimizə etimad göstərə-göstərə yaşamışıq”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qərarların, qətnamələrin kağız üzərində qaldığını diqqətə çatdıran Əli Həsənov qeyd etdi ki, bir çox ölkələrdə radikallar hakimiyyətə gəlir, sistemlər, münasibətlər dəyişir. Buna baxmayaraq, biz əlimizi aşağı salıb dayanmaq fikrində deyilik. Beynəlxalq hüquq bizim haqq işimizi dəstəkləyir. “Ermənistan bütün gücü ilə cəhd edir ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu saxlasın. Azərbaycan buna yol verməyəcək. Ermənistan tərəfi nə qədər tez başa düşsə ki, bu münaqişədən daha çox onlar ziyan çəkir, bir o qədər onlara xeyri olacaq. Əgər hər bir dövlət rəhbəri öz xalqının mənafeyini düşünsəydi, onun intellekt səviyyəsi yüksək olsaydı, xalqı da belə əziyyət çəkməzdi. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan ermənilərə ən yüksək idarəetmə statusu verməyə hazırdır. Lakin Ermənistan tərəfindən heç bir cavab gəlməyib. Yəni, bu ölkənin rəhbərliyi bu problemin həllində maraqlı deyil. Nə qədər ki, Ermənistanda mövcud rejim hakimiyyətdədir, onlar heç vaxt bu problemin həllinə razı olmayacaqlar. Çünki onlar azərbaycanlıların tökülmüş qanı üstündə hakimiyyətə gəliblər”, - deyə Baş nazirin müavini vurğuladı.

Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlərdən də danışan Əli Həsənov dedi: “Dünyanın heç bir münaqişə zonasında qaçqın və məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Antonio Quterreş hələ BMT-nin qaçqınlar üzrə ali komissarı olarkən hər illik hesabatda icraiyyə komitəsinin iclasında səsləndirirdi ki, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlər üçün gördüyü işlər dünyaya nümunədir. Ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün problemi yarananda Azərbaycanın cəmi 7 milyon əhalisi vardı və heç bir maliyyə imkanı yox idi. Çünki SSRİ dağılandan sonra bütün dövlətlərin iqtisadiyyatları çökmüşdü. Ancaq bu dövrdə ulu öndər Heydər Əliyev elə bir mexanizm, idarəetmə modeli qurdu ki, biz o vəziyyətdən çıxa bildik. Vahid idarəetmə sistemi yaradıldı, qaçqın və məcburi köçkün probleminin həlli, onların sosial vəziyyətinin yaxşılaşdırılması ölkədə bir nömrəli prioritet elan edildi. Bu, indi də qüvvədədir. Ölkəyə daxil olan neft gəlirləri qaçqın və məcburi köçkünlərin mənzil-məişət, sosial problemlərinin həllinə yönəldildi. Son 13 ildə 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni müvəqqəti qəsəbələrə köçürülüb. Bu dövrdə həmin məsələlərə 6 milyard dollardan çox vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlərə tətbiq olunan güzəştlər, onların çeşidi dünyanın heç bir münaqişə zonasında yoxdur. Onlar yaşadıqları yerdə bütün kommunal xidmətlərdən pulsuz istifadə edirlər. Hər birinə aylıq müavinət ödənilir. Son aylarda Prezident İlham Əliyev fərman və sərəncamlar imzaladı. Məcburi köçkünlərin kommunal xidmətlərinin vəsaitini dövlət onların plastik kartlarına köçürür və özləri ödəyirlər”.

Bir neçə il öncə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının ofisində işlədiyini və həmin vaxt Əli Həsənovla görüşünü xatırlayan Avropa Şurasının Siyasi Məsələlər Direktoratlığının rəhbəri Aleksandr Qessel dedi: “2002-ci ildə Avropa Şurasının nümayəndəsi kimi ölkənizə ilk səfərim yaxşı yadımdadır. Həmin vaxt biz qaçqın və məcburi köçkünlərin Bakıda, Sumqayıtda, Saatlıda məskunlaşdığı yerlərə - düşərgələrə səfər etdik. Dəmir yolunun ətrafında vaqonlarda, çadırlarda yaşayan məcburi köçkünlərin yaşayış şəraitini görmüşdük. Üstündən 15 il keçib və bu gün Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün gördüyü işlərin şahidiyik. Biz bunu alqışlayırıq. BMT-nin baş katibi Antonio Quterreş də Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Çünki bu, heç də tez-tez rast gəlinən təcrübə deyil. Bu yaxınlarda Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla BMT-nin baş katibi A.Quterreş arasında görüş oldu. Görüşdə Avropada artıq problemə çevrilən miqrant və qaçqın məsələsi də müzakirə edildi. Böhran artıq çox ciddi ölçülərə gəlib çatıb. İnanıram ki, bir çox təşkilatlar bu məsələdə Azərbaycanın təcrübəsindən bir nümunə kimi istifadə edəcəklər”.

Aleksandr Qessel bildirdi ki, vəzifəsi ilə əlaqədar olaraq Ermənistana da səfərlər edir və oradan da hesabat hazırlayır. “İnanın ki, orada da sadə insanlar Azərbaycanda olduğu kimi, bu münaqişədən əziyyət çəkirlər. Hamı bu münaqişənin həllini istəyir. Bildiyimiz kimi, münaqişənin həlli Minsk qrupuna həvalə olunub. Ancaq köçkünlərin yaşadığı vəziyyətin, onlara münasibətin təkmilləşdirilməsi Avropa Şurasının səlahiyyətlərinə daxil olan məsələlərdədir. Düşünürəm ki, hazırlayacağımız hesabatda Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri qeyd etmək çox vacibdir. Çünki bu hesabat Nazirlər Komitəsi üçün hazırlanır. Görülən işlərin hesabatımızda, eyni zamanda, Avropa Şurasının özü tərəfindən hazırlanmış hesabatda da işıqlandırılması və bu məlumatın digər üzv dövlətlərə çatdırılması çox vacibdir”.

On beş il bundan əvvəl ölkəmizə səfərindən danışan qonaq dedi ki, həmin dövrdə Bakı gecə vaxtı zülmətə qərq olurdu, otellər tapmaq mümkün deyildi: “Lakin bu gün işıqlı paytaxtınız, gözəl və müasir otelləriniz, tamamilə yeni simaya malik şəhəriniz məndə yüksək təəssürat oyatdı. Onu da qeyd etmək lazımdır ki, bu investisiya təkcə tikililərə sərf olunmayıb, eyni zamanda, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına da yönəlib”.

Görüşdə Avropa Şurasının Siyasi Məsələlər Direktoratlığının əməkdaşları Danil Xoçaba, Maksim Lonqanq, Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və Azərbaycanın Xarici İşlər Nazirliyinin məsul işçisi Leyla Həsənova iştirak ediblər.