YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvada “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılış mərasimində iştirak edib

Noyabrın 14-də Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib.

Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasına Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və “Mərcani” Fondunda saxlanılan əsərlər daxildir.

Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kəmalə Əhmədova, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq əsəri nümayiş etdirilir.

Sərgini Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova açdı. O, sərginin yaradılması ideyasından danışaraq bildirib ki, bu, Moskvanın mədəni həyatında çox əlamətdar hadisədir. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir. Qalereyanın baş direktoru, həmçinin vurğuladı ki, Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın

çıxışı

- Moskvada – çox səmimi və işıqlı xatirələrlə bağlı olduğum bir şəhərdə yenidən olmağıma çox şadam. Bu il 160 illiyini qeyd edən və Rusiyanın mədəni irsinin qorunub saxlanması kimi nəcib bir işə uzun illər xidmət göstərən Dövlət Tretyakov Qalereyasında olmaq mənim üçün ikiqat xoşdur. Fürsətdən istifadə edərək muzeyin bütün əməkdaşlarını bu tarixi yubiley münasibətilə ürəkdən təbrik etmək istəyirəm. 

Bu gün biz “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini açırıq. Bu ekspozisiya Dövlət Tretyakov Qalereyasının, Heydər Əliyev Fondunun və “Mərcani” Fondunun birgə səyləri ilə reallaşıb. Fürsətdən istifadə edərək Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə, sərginin kuratorlarına və bu layihənin reallaşmasında zəhməti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli Zelfira İsmayılqızı, bu layihənin həyata keçməsinə hərtərəfli köməyinizə və dəstəyinizə görə sizə xüsusilə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tədbir Azərbaycanın mədəni həyatında parlaq hadisədir və ümidvaram ki, Rusiyanın mədəni həyatında da hadisəyə çevriləcək. Bütün qonaqlarımızı salamlamaq və bu gün axşam bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istəyirəm.

Sərginin təşkilatçıları məhz XX əsrin 60-80-ci illəri dövrünə təsadüfən müraciət etməyiblər. Bu dövr Azərbaycan incəsənətinin inkişafının parlaq işıq saçdığı bir dövrdür. Bu dövrdə Azərbaycanda böyük musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar yaşayıb-yaradıb. Onların adları respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınır. Onlar bütün Sovet İttifaqında məşhur idilər. Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Tofiq Cavadov, Cavad Mircavadov, Rasim Babayev və bir çox başqaları kimi böyük ustadların yaradıcılığının çiçəklənmə illəri məhz həmin dövrə təsadüf edir. Bu ekspozisiyada o dövrün, həmin nəslin çox parlaq, böyük rəssamlarının əsərləri toplanıb. Bu, təkcə Azərbaycan təsviri sənət məktəbinin tarixi irsi deyildir. Bu, sonralar öz ardıcıllarını yetişdirən bütöv bir məktəb, bütöv bir istiqamətdir. Bu gün Azərbaycanda məhz həmin dövrün bədii estetikasını yaradıcılığında təcəssüm etdirən gənc və istedadlı rəssamlar çoxdur.

Əziz dostlar, bu sərginin hazırlanması bir ildən çox davam edib və sizin diqqətinizə Azərbaycan təsviri incəsənət məktəbini təmsil edən ən görkəmli, ən parlaq rəssamların işləri təqdim olunub. Bu işlər öz dövrünün meyillərini, habelə Sovet İttifaqının ən aparıcı milli rəssamlıq məktəblərindən birinin xüsusiyyətlərini əks etdirir. Burada təmsil olunan hər bir rəssam təkrarsız fərdiyyət, nadir taledir. Onların hamısı novatorlar, Azərbaycan rəngkarlığında, Azərbaycan heykəltəraşlığında bütöv istiqamətlərin yaradıcıları olub və indi də belədir. Onların hər birinin öz dəst-xətti, öz xarakteri var. Lakin mən əminəm ki, siz ekspozisiya ilə tanış olanda bütün bu işləri birləşdirən ortaq başlanğıcı görəcəksiniz. Şübhəsiz, bu, vətənə sevgi, qaynaqlara sədaqət, köklərə bağlılıq, süjetlərdə ifadə edilən vahid mentallıqdır. Bunlar doğma Qarabağ mənzərələri, Abşeronun qaynar havasıdır. Çox ümid edirəm ki, siz bu işlərin qeyri-adi energetikasını və onların emosional zənginliyini duyacaqsınız.

Bugünkü sərginin daha bir xüsusiyyəti möhtərəm Zelfira İsmayılovnanın bu yaxınlarda “Baku” jurnalına verdiyi müsahibədə tamamilə haqlı olaraq sərhədlərin yuyulması adlandırdığı cəhətdir. Həqiqətən, biz yaradıcılığı sağlığında etiraf edilmiş, Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında çox böyük rol oynamış rəssamların, görkəmli sənətkarların işlərini görəcəyik. Lakin, eyni zamanda, Azərbaycanda geniş auditoriyanın tanımadığı sənətkarlar da yaşayır və yaradırdı. Onların sərgi təşkil etməyə imkanları yox idi. Çünki onların yaradıcılığı, belə desək, rəsmən qəbul edilmiş ideoloji xətt ilə üst-üstə düşmürdü. Məhdudiyyətlərə baxmayaraq onlar yaradıcı şəkildə özünü ifadə etmək vasitələri axtarışından imtina etmirdilər. Bu rəssamların işinin xüsusiyyəti mütləq yaradıcılıq azadlığı və Azərbaycan məktəbinin milli ənənələrini Avropa incəsənətinin avanqard axtarışları ilə uzlaşdırmaq cəhdi idi. Bu gün Azərbaycan onların adları ilə fəxr edir, onların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır.

Əziz dostlar, Azərbaycanın görkəmli rəssamlarının işlərinin toplandığı bu cür sərgi ilk dəfə keçirilir. Mənim üçün tamamilə təbiidir ki, bu sərgi məhz Moskvada, Rusiya Federasiyasının paytaxtında keçirilir. Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulub. Bu dostluq münasibətlərinin səciyyəvi cəhəti qarşılıqlı anlaşma, sıx əməkdaşlıqdır. Bizim ölkələrimizi, xalqlarımızı, ümumi tarixi keçmişlə yanaşı, bu gün çoxlu ümumi meyillər, istiqamətlər birləşdirir. Biz bunu mədəni məkanda xüsusilə müşahidə edə bilərik. Əlbəttə, bu, hər şeydən əvvəl böyük rus dili, böyük rus ədəbiyyatıdır. Yəqin siz də bilirsiniz ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında rus dilində təhsilin tam həcmdə qorunub saxlandığı az sayda ölkələrdən biridir. Bizim ölkəmizdə təhsilin tamamilə rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Keçən ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayıb. Əlbəttə, bütün bunlar onu göstərir ki, biz ümumi elmi, mədəni məkanı qoruyub saxlaya bilmişik. Şübhəsiz, bu da öz növbəsində ona təsir göstərir ki, həm dövlətlərarası səviyyədə, həm də ölkələrimizin sadə insanları, vətəndaşları arasında daha səmimi əlaqələr yaranır.

Əziz dostlar, incəsənət, ədəbiyyat, musiqi bütün bəşər tarixi boyunca mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzləri olub və yenə belədir. Məhz bu ümumbəşəri, əbədi dəyərlər bizim, təəssüf ki, bəzən mürəkkəb, proqnozlaşdırıla bilməyən, münaqişələr, qarşıdurmalar və anlaşılmazlıqlarla dolu dünyamızda şəksiz oriyentirdir. Mən həyatımızda gözəl, uca mənəvi dəyərləri yayan insanların hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Sonda bu ekspozisiyanın reallaşması üçün zəhmət çəkmiş hər kəsə bir daha təşəkkür etmək, əziz dostlar, sizə təşəkkür etmək istəyirəm ki, bu axşam siz bizimləsiniz və sizin hamınızı Azərbaycana səfərə dəvət etmək istəyirəm. Diqqətinizə görə sağ olun.

x x x

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets çıxış edərək bütövlükdə Azərbaycan mədəniyyətinə qayğıkeş və peşəkar münasibətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi. O.Qolodets dedi: “Mənə lap yaxın vaxtlarda Bakıda olmaq

xoşbəxtliyi nəsib olub. Bakı tarixi kökləri və tarixi ənənələri əziz tutan, inkişaf etməkdə olan müasir şəhərdir”. O, Rusiya-Azərbaycan münasibətlərindən söhbət açaraq vurğuladı ki, bu münasibətlər qədim, çoxəsrlik dostluğa əsaslanır və gələcəyə istiqamətlənir.

Rusiya hökuməti sədrinin müavini sərgiyə uğurlar arzulayaraq dedi: “Siz bu gün görəcəyiniz hər bir əsərdə Azərbaycanın hərarətini, onun rənglərini, koloritini duyacaqsınız”.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bu sərginin təşkilinə görə Heydər Əliyev Fonduna və “Mərcani” Fonduna təşəkkür etdi. Nazir bildirdi ki, Abşeron xüsusi yaradıcı energetikaya malikdir. V.Medinski dedi: “Oraya yolu düşən insan dərhal yaradıcılıqla məşğul olmaq istəyir”.

“Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov ümidvar olduğunu bildirdi ki, “Abşeron ulduzları” layihəsinin böyük gələcəyi var. O qeyd etdi ki, sərginin məhz Tretyakov Qalereyasında təşkil edilməsi bu ekspozisiyada təmsil olunmuş hər bir əsərin keyfiyyət nişanına uyğun olmasına dəlalət edir.

“Abşeron ulduzları” sərgisinə Azərbaycan rəssamlarının Tretyakov Qalereyasının kolleksiyasında saxlanılan ən yaxşı əsərləri daxildir. Lakin bu sərginin təşkilatçıları qismində çıxış etmiş Heydər Əliyev Fondu və “Mərcani” Fondu ilə əməkdaşlıq olmadan sərginin nümayiş etdirilməsi mümkün olmazdı.

“Abşeron məktəbi”nin lideri Cavad Mircavadov öz üslubunda obrazların ekspressiyasını, arxaik sadəliyi və brutallığı birləşdirib. Əşrəf Murad mövzu seçiminə və əsərlərinin dərin dramatizminə görə müasirlərindən fərqlənirdi. Rasim Babayevin və Tofiq Cavadovun işlərində sənaye mövzusu əks olunub. Səttar Bəhlulzadə Abşerona dərindən bağlı idi – onun əsərlərində yaradılan dünya nağıla oxşayır. Fazil Nəcəfovun heykəltəraşlıq əsərlərində köhnə Bakı və sanki uzaq keçmişdən gəlmiş obrazlar canlanır. Bu əsərlər üçün material kimi yerli Abşeron əhəngdaşından istifadə edilib. Tahir Salahovun teatr eskizləri onun yaradıcılığının bir cəhəti barədə söhbət açır.

Azərbaycan məktəbinin bənzərsizliyini nümayiş etdirən bu sərgi həm də ümumdünya bədii prosesin bir hissəsi olan Azərbaycan incəsənətinin əhəmiyyətinə dəlalət edir.

Sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.