YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Komitəsinin sədri: Statistikanın inkişaf istiqamətinin düzgün müəyyən olunması hər bir ölkə üçün vacib məsələlərdən biridir

«Beynəlxalq aləmdə və konkret məkanda gedən proseslərə və strateji hədəflərə uyğun olaraq statistikanın inkişaf istiqamətinin düzgün müəyyən olunması hər bir ölkə üçün vacib məsələlərdən biridir. Rəsmi statistika həm qərarların qəbul olunması üçün etibarlı informasiya mənbəyi rolunu oynamalı, həm də həmin qərarlar qəbul olunduqdan sonra onların icrası prosesini izləməyə imkan verməlidir». Bu fikirləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki,  statistika orqanlarının fəaliyyəti yalnız statistika məlumatlarının ümumiləşdirilərək ötürülməsi ilə məhdudlaşmamalı, onlar icmal məlumatlar əsasında təhlillər aparan, ölkə və regionlar üzrə mühüm qərarların qəbulu üçün təkliflər irəli sürən dövlət orqanına çevrilməlidir. Bu baxımdan, Azərbaycan Respublikasında rəsmi statistikanın əsas inkişaf istiqamətləri statistika potensialının gücləndirilməsini, Dövlət proqramları, strategiya və konsepsiyaların icra vəziyyətinin monitorinqinə imkan verən mexanizmlərin yaradılmasını, habelə beynəlxalq səviyyədə statistik məlumatların müqayisəliliyinin təmin olunmasını əhatə etməlidir.
«Son bir ildə rəsmi statistikanın inkişafı məqsədilə görülmüş işləri 2 istiqamətdə qruplaşdırmaq olar. Birinci istiqaməti struktur islahatları təşkil edir. Belə ki, ötən illər ərzində ölkə iqtisadiyyatında həyata keçirilmiş köklü islahatlar statistikaya dair qanunvericiliyin, metodologiyaların, standartların və göstəricilər sisteminin təkmilləşdirilməsi, rəsmi statistikada yeni istiqamətlərin müəyyən olunması üçün zəmin yaratmışdır. Müvafiq Dövlət proqramları əsasında vahid statistik informasiya sisteminin yaradılmasına başlanmış, elektron statistikanın inkişafı yeni mərhələyə qədəm qoymuş, hüquqi və fiziki şəxslərdən məlumatların toplanması, işlənməsi və yayılmasında informasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, respondentlərə düşən statistika yükünün azaldılmasına müəyyən qədər nail olunmuşdur. Bütün bunlar statistika məlumatlarının hazırlanması prosesinin təkmilləşdirilməsini, idarəetmənin optimallaşdırılmasını, statistika fəaliyyətində innovasiyaların tətbiqini, beynəlxalq əməkdaşlığın yeni müstəvidə təşkilini zəruri etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Dövlət Statistika Komitəsinin qarşısında duran vəzifələrin icrası və institusional potensialın inkişafı ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Bu məqsədlə təkliflərimiz əsasında qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. İkinci istiqamət olaraq, ölkədə ayrı-ayrı sosial, iqtisadi sahələr üzrə rəsmi statistikanın təkmilləşdirilməsini qeyd etmək olar. Bildirmək istərdim ki, son 1 ildə Komitə tərəfindən 20-dək metodoloji material hazırlanmış, 15-dək rəsmi statistika hesabatına əlavə və dəyişikliklər edilmişdir»- deyə, T.Budaqov vurğulayıb.