YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İcbari tibbi sığorta dünyada səhiyyənin maliyyələşməsinin ən müasir, optimal idarəetmə yoludur

«İcbari tibbi sığorta dünyada səhiyyənin maliyyələşməsinin ən müasir, optimal idarəetmə yoludur». Bu fikri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın həyata keçirilməsi Səhiyyə və Maliyyə nazirliklərinin, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə fəaliyyəti nəticəsində uğurlu ola bilər. Onun fikrincə, təkcə bir qurumun bu işlə məşğul olması çətindir.

«Artıq icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq Yevlax və Mingəçevirdə pilot layihələrə başlanıb. Nəzərdə tutulur ki,  pilot layihə 1 il ərzində yaxşı nəticələr verərsə, bütün respublika ərazisində tətbiq olunsun. Təbii ki, bunu gələcək göstərəcək. Əgər pilot layihənin icrası zamanı hansısa problemlər ortaya çıxarsa, həmin  problemlərin aradan qaldırılması müddəti və imkanları məsələsinə baxılacaq. Bundan sonra müəyyən etmək olar ki, pilot davam etsin, yoxsa bu sistem ölkə üzrə tətbiq olunsun.

Bütövlükdə isə icbari tibbi sığorta bütün dünyada aparılan ən çətin və mürəkkəb  islahatdır. Yəni bu sistemə keçid ictimai-sosial həyatın ən çətin və mürəkkəb islahatlarından biridir. Hesab edirəm ki, bu məsələdə tələsik qərarlar verməyə ehtiyac yoxdur. Bu prosesə həm vətəndaşlar, həm dövlət təşkilatları, həm işə götürənlər, həm də səhiyyə müəssisələri hazır olmalıdır. Fikrimcə, bu sistemin tam oturuşması üçün 4-5 il vaxt lazım olacaq»- deyə, M.Quliyev vurğulayıb.