YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb

Sevinc Fətəliyeva

Milli Məclisin deputatı

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Beş il öncə noyabrın 8-də Qarabağın simvolu olan Şuşa şəhərinin erməni işğalından azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

Qeyd etmək lazımdır ki, müstəqil dövlətimiz şanlı zəfərə qədər böyük yol qət etmişdir. Belə ki,  30 il ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Həmin müddətdə davam edən danışıqlar nəticə vermədi. Amma beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar idi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ermənistanın davamlı olaraq təxribatçı addımları isə müharibəni qaçılmaz etmişdi. Nəticədə 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi baş verdi.

Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə üçtərəfli bəyanat imzalanmaqla Ermənistan kapitulyasiya aktına qol çəkdi. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Xüsusi vurğulamaq lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.

 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Eləcə də,  ötən il 19-20 sentyabr tarixlərində ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində  separatçı rejim təslim oldu. Bununla da, suverenliyimiz tam təmin olundu. 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.

Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması isə milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu təsdiqlədi. Siyasi partiyalar tərəfindən həmin dövrdə ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin  müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Lakin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyiblər. Milli həmrəyliyin nümunəsi olan birgə bəyanatlara radikal müxalifətin qoşulmaması  onların antimilli xislətini ifşa edir. Həmin siyasi təşkilatlar bu addımları ilə xaricdəki ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini bir daha isbatlamış oldular. 44 günlük müharibədən sonra onlar bu Qələbənin dəyərini azaltmağa çalışdılar. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasından da radikallar çox məyus olmuşdular. Bu siyasi ünsürlər xalq-iqtidar birliyinin gücünü həzm etməyərək hər vəchlə xaricdəki havadarları ilə birlikdə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Bu cür “fəaliyyət” indi də davam edir. Lakin həmişə olduğu onların cəhdləri yenə də  iflasa məhkumdur.

Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Eyni zamanda, qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Tarixi Zəfər nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri daha da güclənib, bu istiqamətdə uğurları daha da artmaqdadır. Bu ilin avqust ayında Vaşinqtonda əldə edilən razılaşmalar Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi üçün böyük ümidlər yaradır. Azərbaycan dövlətinin və onun liderinin siyasi iradəsi sayəsində regionumuzun tezliklə sülh və əməkdaşlıq məkanına çevriləcəyinə inanırıq!