YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Tədbir müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən söz açıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb, 8 Noyabr - Zəfər Gününün Ordumuzun gücü və xalqımızın birlik, həmrəylik nümunəsi olduğunu qeyd edib.

Sevinc Xəlilova həmçinin gənclərin intellektual inkişafında şahmat yarışlarının mühüm rol oynadığını, bu yarışların Zəfər Gününə həsr edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın dünyada tanınan şahmat çempionları ilə fəxr etdiyini bildirərək, gəncləri bu sahədə öz üzərlərində işləməyə çağırıb.

Daha sonra çıxış edən Samux rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Faiq Aslanov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon komitəsinin sədri Nazim Musayev və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev gənclərin vətənpərvər, sağlam düşüncəli, dünyagörüşlü və intellektual yetişməsində idmanın rolunu vurğulayıblar. Natiqlər Zəfər tariximizə həsr olunmuş bu kimi yarışların gələcəkdə də davam etdiriləcəyini bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Turnirdə qalib gələn şahmatçılar yaş qrupları üzrə diplom, medal və hədiyyələrlə təltif ediliblər.