YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsi

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü səviyyəsini anlamaq üçün son illərdə dövlət başçıları arasında intensivləşən qarşılıqlı səfərlərə nəzər salmaq kifayətdir. Prezident İlham Əliyevin Özbəkistana səfərləri artıq iki ölkənin siyasi həyatında mühüm hadisəyə çevrilib. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, son beş ildə yüksək səviyyədə 15 qarşılıqlı səfər və sıx təmaslar həyata keçirilib. 2026-cı ilin avqustunda Özbəkistana baş tutan dövlət səfəri isə Prezident İlham Əliyevin son beş ildə bu ölkəyə üçüncü dövlət səfəri, ümumilikdə isə qardaş Özbəkistana yeddinci səfəri olub.

2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətlərin tarixində xüsusi mərhələ təşkil etdi. Həmin səfər zamanı Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının ilk iclası keçirildi və iki ölkə arasında müttəfiqlik münasibətlərinin hüquqi əsasını möhkəmləndirən mühüm sənədlər imzalandı. 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bu siyasi dialoqun qarşılıqlı xarakter daşıdığını bir daha göstərdi. Beləliklə, dövlət başçıları arasında müntəzəm görüşlər artıq sadəcə diplomatik protokol xarakteri daşımır, konkret layihələrin, iqtisadi təşəbbüslərin və uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirildiyi mühüm siyasi platformaya çevrilib.

2026-cı ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri də bu ardıcıllığın məntiqi davamı oldu. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib, bir sıra mühüm layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub, Daşkənddə “Azərbaycan” parkının təməli qoyulub və Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak edilib. Azərbaycan və Özbəkistan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın qanunauyğun nəticəsidir.

2024-cü ildə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi. Bununla yanaşı, 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura münasibətlərin institusional baxımdan daha sistemli şəkildə inkişaf etdirilməsinə imkan verdi.

Bu gün Azərbaycan və Özbəkistan arasında siyasi dialoq iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar əməkdaşlıqla tamamlanır. Başqa sözlə, müttəfiqlik yalnız siyasi sənədlərdə əks olunan anlayış deyil. O, artıq konkret layihələrdə, qarşılıqlı investisiyalarda, birgə istehsalda, təhsil və mədəniyyət proqramlarında öz praktiki ifadəsini tapır.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də dövlətlərarası əlaqələrin regionlar və şəhərlər səviyyəsində inkişaf etdirilməsidir. Prezident İlham Əliyev son müsahibəsində Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan və digər şəhərlər arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin qurulduğunu bildirib. Bu sırada Quba–Cizak münasibətləri də xüsusi əhəmiyyət daşıyır.

Quba ilə Cizak arasında qurulan əlaqələr Azərbaycan–Özbəkistan qardaşlığının yalnız paytaxtlar səviyyəsində deyil, regionlar arasında da inkişaf etdiyini göstərir. Bu cür münasibətlər xalqların bir-birini daha yaxından tanımasına, mədəni və humanitar əlaqələrin genişlənməsinə, turizm və iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaranmasına xidmət edir. Əslində Quba–Cizak əlaqələrinin əhəmiyyəti məhz buradadır: dövlətlər arasında imzalanan sənədlər siyasi çərçivəni müəyyənləşdirirsə, şəhərlər arasında qurulan qardaşlıq münasibətləri həmin siyasi yaxınlığı insanların gündəlik həyatına gətirir.

Azərbaycan–Özbəkistan əməkdaşlığının ən sürətlə inkişaf edən istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrdir. Prezident İlham Əliyevin məlumatına görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artıb. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də qarşılıqlı investisiyaların artırılması üçün mühüm mexanizmə çevrilib. Sənaye kooperasiyası istiqamətində həyata keçirilən layihələr isə əməkdaşlığın real nəticələrini göstərir. Füzuli rayonunda “Dostluq bağı”nın salınması, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi potensialının birləşdirilməsinə nümunədir.

Azərbaycan və Özbəkistan münasibətlərində mədəni diplomatiyanın çəkisi olduqca böyükdür. Çünki iki xalqı yaxınlaşdıran ən mühüm amillərdən biri ortaq mədəni və mənəvi irsdir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük mütəfəkkirlərin yaradıcılığı Azərbaycan və Özbəkistan xalqlarının mədəni yaddaşında xüsusi yer tutur. Bu ümumi irs iki ölkə arasında mədəni əməkdaşlığın təbii əsasını formalaşdırır.

Son illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, incəsənət festivalları, elmi və ədəbi tədbirlər, təhsil proqramları bu əlaqələri daha da gücləndirib. 2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin fəaliyyət göstərməsi də iki ölkənin humanitar əməkdaşlığının simvolik və praktiki nümunələrindən biridir. Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında diqqətçəkən məqam ondan ibarətdir ki, əməkdaşlığın bütün istiqamətləri bir-birini tamamlayır. Siyasi etimad iqtisadi əlaqələri gücləndirir, iqtisadi əməkdaşlıq humanitar münasibətlərə yeni imkanlar yaradır, şəhərlər arasında qardaşlıq isə xalqların bir-birinə yaxınlaşmasını sürətləndirir.

Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətləri yalnız “dostluq” və “strateji tərəfdaşlıq” anlayışları ilə məhdudlaşdırmaq mümkün deyil. Münasibətlər artıq rəsmi şəkildə müttəfiqlik mərhələsinə yüksəlib və bu müttəfiqlik konkret layihələrlə, qarşılıqlı səfərlərlə, iqtisadi əməkdaşlıqla və xalqlar arasında artan təmaslarla möhkəmlənir. Prezident İlham Əliyevin 2026-cı il avqustunda Özbəkistana dövlət səfəri də bu prosesin davamlılığını nümayiş etdirdi. Dövlət başçılarının görüşləri, Ali Dövlətlərarası Şuranın fəaliyyəti, yeni layihələrin təməli və mədəni-humanitar təşəbbüslər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız bu günün deyil, gələcək onilliklərin əməkdaşlıq gündəliyini formalaşdırır.