YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan münasibətləri əbədi dostluq zirvəsindədir

Heydər Əsədov

Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana 23 avqust tarixli dövlət səfəri çərçivəsində verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin inkişaf etdiyini nümayiş etdirən mühüm siyasi mesajlarla zəngin olub. İki ölkə əlaqələri artıq konkret investisiya layihələri, ticarət, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, humanitar əlaqələr və qarşılıqlı siyasi dəstək üzərində qurulan çoxşaxəli strateji müttəfiqliyə çevrilib.

Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi ilk növbədə iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimad və siyasi iradənin nəticəsidir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında intensiv dialoq münasibətlərin bütün sahələrində əldə olunan nəticələrin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. 2017-ci ildən etibarən bu münasibətlərdə yeni dinamika müşahidə olunur. 2022-ci il iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” ikitərəfli əlaqələrin siyasi-hüquqi bazasını daha da möhkəmləndirib. 2024-cü il avqustun 23-də isə Daşkənddə Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini rəsmiləşdirir.

23 avqust 2026-cı ildə Daşkənddə imzalanan “Əbədi dostluq haqqında Müqavilə” isə bu prosesin daha da dərinləşdiyinin göstəricisidir. Sənəd artıq münasibətlərin yalnız cari siyasi gündəliyə deyil, uzunmüddətli strateji perspektivə hesablandığını nümayiş etdirir. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərini xarakterizə edən ən mühüm xüsusiyyətlərdən biri siyasi etimadın iqtisadi və humanitar əməkdaşlıqla paralel şəkildə inkişaf etməsidir.

Ali Dövlətlərarası Şuranın 23 avqust 2026-cı il tarixli üçüncü iclasında qeyd olunub ki, son beş ildə qarşılıqlı ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu da bu prosesdə mühüm mexanizmə çevrilib. Fondun 500 milyon dollarlıq kapitalının layihələrə yönəldilməsi nəzərdə tutulur və artıq bunun təxminən 160 milyon dollarlıq hissəsinin konkret layihələrlə müəyyənləşdirildiyi açıqlanıb. Prezident İlham Əliyev bu fondu Azərbaycanın müxtəlif ölkələrlə yaratdığı oxşar mexanizmlər arasında ən səmərəli və nəticəyönümlü fondlardan biri kimi qiymətləndirib.

Özbəkistanın avtomobil sənayesində topladığı təcrübənin Azərbaycana ötürülməsi iqtisadi əməkdaşlığın ən diqqətçəkən istiqamətlərindən biridir. Artıq Azərbaycanda Özbəkistanın avtomobil sənayesi ilə bağlı layihələr həyata keçirilib. Hacıqabulda ikinci zavodun tikintisinə başlanılması və burada 80 milyon dollardan artıq investisiyanın nəzərdə tutulması əməkdaşlığın daha geniş istehsal modelinə keçdiyini nümayiş etdirir. Yeni müəssisə ölkənin avtomobil sənayesinə ciddi təkan verəcəkdir. Bu əməkdaşlıq iki ölkənin sənaye potensiallarının tamamlayıcılığını nümayiş etdirir. Özbəkistanın böyük istehsal bazası, Azərbaycanın isə logistika imkanları, regional bazarlara çıxışı və nəqliyyat infrastrukturu bir-birini tamamlayan üstünlüklər yaradır.

Prezident İlham Əliyevin Daşkənddəki bəyanatında Zəngəzur dəhlizi ilə bağlı fikirlər də diqqət çəkir. Dövlət başçısı Azərbaycanın əsas hissəsində layihənin gələn il başa çatmasının nəzərdə tutulduğunu, Naxçıvanda da müvafiq işlərin başladığını bildirib. Bu layihə Azərbaycan–Özbəkistan münasibətləri üçün də mühüm perspektivlər yaradır. Çünki Orta Dəhlizin inkişafı, Xəzər üzərindən daşımaların artırılması və gələcəkdə yeni bağlantıların formalaşması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha səmərəli nəqliyyat şəbəkəsinin yaranmasına səbəb ola bilər. Beləliklə, Bakı–Daşkənd əməkdaşlığı yalnız iki paytaxt arasındakı münasibətlər deyil, daha geniş coğrafiyada nəqliyyat və logistika xəritəsinin dəyişməsi prosesinin bir hissəsidir. Dövlətimizin başçısı qeyd edib: “Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir”.

Azərbaycan və Özbəkistanın enerji sahəsində əməkdaşlığı da getdikcə genişlənir. Neft-qaz kəşfiyyatı üzrə layihələrin artıq son mərhələyə çatması və istismar quyularının qazılmasına başlanmasının planlaşdırılması bu sahədə yeni mərhələnin başlanacağını təsdiqləyir. Bununla yanaşı, energetika sahəsində əməkdaşlıq yalnız neft və qazla məhdudlaşmır. Hər iki ölkənin enerji sistemlərinin modernləşdirilməsi və bərpaolunan enerji imkanlarının genişləndirilməsi gələcəkdə yeni əməkdaşlıq formatları üçün imkan yarada bilər. Azərbaycanın enerji infrastrukturu və ixrac marşrutları, Özbəkistanın isə böyük daxili bazarı və Mərkəzi Asiyadakı mövqeyi enerji əməkdaşlığının daha geniş regional layihələrə çevrilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir.

Azərbaycan və Özbəkistan beynəlxalq və regional təşkilatlarda da bir-birinə dəstək nümayiş etdirirlər. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət iki ölkənin xarici siyasət əməkdaşlığının mühüm istiqamətidir.

Azərbaycan və Özbəkistan münasibətləri bu gün türk dünyasında dövlətlərarası əməkdaşlığın ən dinamik nümunələrindən birinə çevrilib. Burada siyasi etimad iqtisadi maraqlarla, tarixi-mədəni yaxınlıq müasir nəqliyyat və investisiya layihələri ilə, ikitərəfli əməkdaşlıq isə daha geniş regional inteqrasiya prosesləri ilə tamamlanır. İki ölkənin paralel inkişafı onların qarşılıqlı əməkdaşlığını gücləndirməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi reallığın formalaşmasına xidmət edir.

DİGƏR Xəbərlər Arxiv