Xəbərlər
“Qəhrəmanlar ölmür, şəkil dəyişdirir”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Qəhrəmanlar ölmür, şəkil dəyişdirir” adlı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, bu Qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan Ordusunun, xalqın həmrəyliyinin, milli birliyinin və dövlət başçısına olan inamın və güvənin nəticəsidir.
O qeyd edib ki, xalqımız bu tarixi Qələbəni başqalarının yardımı ilə deyil, müdrik rəhbərinin uzaqgörən siyasəti, Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı, şəhidlərin qanı və qazilərin fədakarlığı bahasına qazanmışdır. Bu Qələbə müzəffər Azərbaycan Ordusunun güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igidlik və peşəkarlığının təsdiqidir.
Ayaz Cəbrayılov vurğulayıb ki, Şuşa Qələbəsi Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bütün dünyaya nümayişi oldu. Zəfərdən sonra Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi.
O əlavə edib ki, tarixi Qələbəmizdən ötən beş ilin uğurları böyük miqyaslı nəticələrlə yadda qalıb. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin olunmasıdır. Bu istiqamətdə görülən işlər son illərin ən qürurverici səhifələrini təşkil edir.
Daha sonra çıxış edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıblar.
Tədbirin sonunda Vətən müharibəsi qazilərinə təşəkkürnamə və hədiyyələr təqdim edilib.
