Xəbərlər
Saatlıda Milli Qurtuluş Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolu və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən fotosərgi ilə tanışlıq olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və digərləri Qurtuluş Gününün Azərbaycan tarixindəki mühüm rolundan bəhs edərək bildiriblər ki, 1993-cü il 15 iyun tarixi ölkənin parçalanma təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoymasının əsasını qoyan mühüm dönüş nöqtəsidir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçiliyin möhkəmlənməsinə xidmət edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və beynəlxalq müstəvidə güclü və söz sahibinə çevrilmiş dövlətdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
