Xəbərlər
Ulu Öndərin müdrik siyasəti Azərbaycanı inkişaf yoluna çıxarıb
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.
Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatı Elman Məmmədov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən islahatlar, daxili və xarici siyasətdə əldə olunan mühüm nailiyyətlər barədə danışıblar.
Qeyd olunub ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti Azərbaycanı parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edib, dövlətçiliyin möhkəmlənməsinə və sabit inkişaf yoluna çıxmasına şərait yaradıb.
Eyni zamanda vurğulanıb ki, bu gün əldə olunan uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.
