Xəbərlər
Lənkəranda 8 Noyabr - Zəfər Günü ərəfəsində tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ərəfəsində tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi bu Qələbə xalqımızın birliyinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür.
Lənkəran regional ASAN xidmət ərazi partiya təşkilatının sədri Əmir Əfəndiyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. O, bu Zəfərin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi olduğunu qeyd edib.
Tədbirdə partiya üzvləri Mehparə Mənsumzadə və Əli Əhmədli də çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun gücündən, xalqımızın birliyinin və dövlətçiliyə sədaqətin vacibliyindən danışıblar.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri və fəxri fərmanlar təqdim olunub.
