YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Günü tariximizdə ən parlaq səhifədir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələndi. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-ə yaxın  kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edildi. Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Bu əməliyyat təxminən 23 saat davam etdi və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələndi. Beş  ildir Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi tarixi – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir.

Azərbaycan xalqı daim əmin idi ki, dövlətimizin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Qarabağımızda, Şərqi Zəngəzurumuzda Bayrağımız dalğalanacaq, soydaşlarımız bu torpaqlara qayıdıb onlara yeni həyat verəcək. Bu yol 30 il uzansa da nəhayət, beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz xalqımızın  torpaq həsrətinə son qoydu, ədaləti bərpa etdi,  dünya güclərinin 27 ildə icra edə bilmədikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq deyilən  məfhumlar var, lakin onun tətbiqi üçün vahid mexanizm olmalıdır. Təbii ki, bu da bütün dünya güclərindən ədalətli yanaşma tələb edir. 

Tarixi Zəfərimizdən ötən beş ildə Azərbaycanın sadalamaqla bitməyən uğurlarından  böyük qürur hissi ilə bəhs edirik.  Son beş ilin əsas  hədəflərindən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq.  Hazırda 6 şəhər, 2 qəsəbə, 20-dən artıq kənd sakinlərinə qovuşub. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra, noyabrın 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri ilə başlayan bərpa-quruculuq işlərinin miqyası bu gün olduqca genişdir. Statistik rəqəmlərə diqqət yetirək. 2025-ci il oktyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4.826 ailənin qayıdışı təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38.304 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59.565 nəfər təşkil edir. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri 2025-ci ilin 9 ayında da davam etdirilib. Ümümilikdə ötən dövrdə həmin sakinlərdən artıq 6,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan iqtisadi fəal olanların 92 faizi deməkdir. 513 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri sahələri yaradılıb. 258 sakin üçün isə peşə kursları təşkil edilib. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin də DOST xidmətlərindən faydalanması üçün mühüm addımlar atılır. Son illər Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzi, bu mərkəzin Şuşa filialı açılıb. 2025-ci ildə isə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsi istifadəyə verilib. Burada eyni zamanda məşğulluq xidmətləri, habelə KOBİA əməkdaşları tərəfindən xidmətlər göstərilir və gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi vurğulanır ki, Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. 2021-ci il yanvarın 14-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bu gün böyük əminliklə qeyd edirik ki, Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.