Xəbərlər
“Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında Beynəlxalq Gənclər Günü münasibətilə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin növbəti seminarı keçirilib.
“Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusuna həsr olunan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, xalqın sonsuz məhəbbətini qazanan Ümummilli Lider Azərbaycan tarixində və xalqımızın yaddaşında əbədi iz qoyub.
Seyfəddin Əliyev Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə əldə olunan mühüm tarixi nailiyyətlərə diqqət çəkib. Qeyd olunub ki, Ulu Öndərin uzaqgörən və məqsədyönlü siyasəti ölkənin hərtərəfli inkişafını təmin edib, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanınmasına böyük töhfələr verib.
Vurğulanıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrində fəal iştirak edir, öz potensiallarını layiqincə nümayiş etdirirlər.
Seyfəddin Əliyev xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkərək bildirib ki, gənclərimiz Vətən qarşısında öz tarixi missiyalarını şərəflə yerinə yetiriblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Daha sonra gənc fəallar Nazənin Heydərzadə, Novruz Rufullayev, Lətifə Həsənova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin mühüm yer tutduğunu qeyd ediblər.
