Xəbərlər
“Azərbaycanın beynəlxalq arenada artan rolu”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının, Samux Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın beynəlxalq arenada artan rolu” mövzusunda tədbir keçirilib.
Samux rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların əsasında güclü dövlətçilik ənənələrinin və milli maraqlara əsaslanan siyasi iradənin dayandığını bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan müasir dünyanın nüfuzlu və söz sahibi olan dövlətlərindən birinə çevrilib.
Bildirilib ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, qlobal təşəbbüslərlə çıxış etməsi, eləcə də müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricilərindəndir.
YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova çıxışında Azərbaycanın beynəlxalq arenada artan rolunun dövlətimizin güclənməsi, siyasi sabitliyin qorunması və milli maraqlara əsaslanan müstəqil xarici siyasətin həyata keçirilməsi ilə sıx bağlı olduğunu vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional əməkdaşlığın inkişafına, sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. Ölkəmizin beynəlxalq platformalarda fəal iştirakı, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişləndirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxış edərək Azərbaycanın müstəqillik tarixində son illərin ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm hadisələrlə yadda qaldığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş kimi tanınır.
Tədbirdə, həmçinin partiya fəalları Ramin Bayramov və Aytən Əliyeva çıxış edərək Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və diplomatik uğurlardan bəhs ediblər. Bildirilib ki, ölkəmizin regional və qlobal miqyasda artan rolu onun iqtisadi potensialının, müdafiə imkanlarının və diplomatik gücünün möhkəmlənməsi ilə sıx bağlıdır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
