Xəbərlər
Şəhidlərin xatirəsi Ağcabədidə də anılıb
27 Sentyabr - Anım Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qeyd edib ki, 27 Sentyabr tariximizin ən əlamətdar və müqəddəs günlərindən biridir. O bildirib ki, Azərbaycan xalqı 30 ildən sonra elə bir zəfər tarixi yazdı ki, bu qələbə bütün dünyaya türk xalqının gücünü və birliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi rəhbərliyi ilə Azərbaycan Qarabağa qovuşdu, işğal altındakı torpaqlarımız azad olundu, şəhidlərimizin, Xocalı soyqırımı və digər erməni terror aktlarında həlak olanların qanı yerdə qalmadı.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Milli Qəhrəman Sadiq Hüseynovun həyat yoldaşı Nəzakət Bəşirova, “N” saylı hərbi hissənin zabiti İsmayıl Əhmədzadə, Vətən müharibəsi qazisi Kamran Sadıqov və Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Vahidə İbişova 27 sentyabr 2020-ci il tarixində başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən söz açıblar. Natiqlər qeyd ediblər ki, bu tarixi zəfər nəticəsində ölkəmiz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, tədbir iştirakçıları “Qəhrəmanlar Parkı”na gələrək şəhid məzarlarını da ziyarət ediblər.
