Xəbərlər
Rəqəmsallaşma və innovasiya: yeni dövrün əsas hədəfləri
Fatma Yıldırım
Milli Məclisin deputatı
Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən dövlət siyasəti dayanır. Bu siyasətin mühüm istiqamətlərindən biri də rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən ardıcıl islahatlardır.
Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə ölkəmizin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarların qəbul edilməsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planının təsdiqi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Qarşıya qoyulan məqsəd yalnız dövlət xidmətlərinin rəqəmsallaşdırılması deyil, eyni zamanda milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və ölkəmizin regionun innovasiya mərkəzinə çevrilməsidir.
İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu baxımdan xüsusi əhəmiyyətə malikdir. İclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş şəkildə müzakirə olunub.
Hörmətli Mehriban xanım Əliyevanın çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın rəqəmsal inkişafının əsas prioritetlərini və strateji istiqamətlərini aydın şəkildə müəyyənləşdirir. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellektin tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, startapların və investisiyaların dəstəklənməsi ilə bağlı verilən mesajlar ölkəmizin müasir çağırışlara adekvat cavab verdiyini göstərir. Xüsusilə süni intellektlə bağlı bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun şəkildə qəbul edilməsinin vacibliyinin vurğulanması rəqəmsal suverenliyin qorunmasına dövlətimizin verdiyi önəmin bariz ifadəsidir.
İclasda təqdim olunan məlumatlar göstərir ki, rəqəmsal transformasiya artıq konkret nəticələr verməkdədir. Dövlət xidmətlərinin vahid “mygov” platformasında cəmləşdirilməsi, proaktiv xidmətlərin genişləndirilməsi, müxtəlif dövlət qurumlarının elektron sistemlərinin inteqrasiyası və “Yalnız bir dəfə” prinsipinin tətbiqi vətəndaşların həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır, şəffaflığı və operativliyi artırır. “mygov” platformasının istifadəçi sayının qısa müddətdə 30 faiz artaraq 3,5 milyona çatması həyata keçirilən islahatların cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyir.
İnnovasiya və texnologiya sahəsində nəzərdə tutulan genişmiqyaslı hüquqi islahatlar da Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Vençur maliyyələşdirilməsi mexanizmlərinin yaradılması, startapların dəstəklənməsi, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi, yüksək ixtisaslı mütəxəssislər üçün əlverişli şəraitin formalaşdırılması ölkəmizin rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat qurmaq istiqamətində qətiyyətli addımlar atdığını göstərir.
Eyni zamanda, kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlar, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi və milli kibermüdafiə sisteminin formalaşdırılması Azərbaycanın rəqəmsal inkişafının etibarlı və təhlükəsiz əsaslar üzərində qurulduğunu nümayiş etdirir.
Xüsusilə təhsil sahəsində görülən işlər gələcəyin insan kapitalının formalaşdırılması baxımından böyük önəm daşıyır. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması və süni intellekt əsaslı fərdiləşdirilmiş tədris modelinə keçid ölkəmizin gənc nəslini müasir texnologiyalar dövrünün tələblərinə uyğun hazırlamağa xidmət edir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində həyata keçirilən rəqəmsal inkişaf strategiyası dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsi yaradacaq, vətəndaş məmnuniyyətinin daha da yüksəlməsinə, innovativ iqtisadiyyatın formalaşmasına və Azərbaycanın regionun aparıcı rəqəmsal və texnoloji mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcəkdir.
