Xəbərlər
Yevlaxda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” mövzusunda tədbir keçirilib.
YAP Yevlax rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 27 Sentyabr – Anım Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz birliyə və iradəyə malik olduğunu sübut edərək böyük Zəfərə imza atdı. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. Əldə edilən Qələbənin Ümummilli Liderin vəsiyyətinin yerinə yetirilməsi olduğunu bildirib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova çıxışında bildirib ki, Ümummilli Liderin güclü təməllər üzərində qurduğu Azərbaycan dövləti bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə güclü və nüfuzlu ölkəyə çevrilib. 27 Sentyabr 2020-ci il tarixindən başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş və dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilmişdir.
Tədbirdə şəhid atası Fərman Kazımov, Yevlax şəhər 3 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova, İkinci Qarabağ müharibəsinin və 2023-cü il Antiterror əməliyyatının iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant İlkin Möhsümlü, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Sevda Əliyeva çıxış edərək qeyd ediblər ki, Vətən müharibəsi Azərbaycanın şanlı tarixi, şəhid və qazilər isə xalqımızın qürur mənbəyidir. Müzəffər Ordumuz və xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmiş, müharibə cinayətlərinə baxmayaraq, Qələbə əzmini qoruyub saxlamışdır.
