Xəbərlər
Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev ən mötəbər beynəlxalq platformaların birindən – BMT Baş Assambleyasının tribunasından dünyaya çağırış etdi. BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında Azərbaycanı qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən bəhs edən cənab İlham Əliyev vurğuladı ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
Dövlətimizin başçısı çıxışında ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanın qurulmasının zəruriliyini bildirdi. BMT tribunasından ölkəmizin baxışlarını, prioritetlərini bəyan etdi: beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq. Prezident İlham Əliyevin Baş Assambleyadakı çıxışı həm də tarixi bir an idi. Çünki Azərbaycan Lideri vaxtilə ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi tribunadan bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlardan, Böyük Qayıdış Proqramının uğurlu icrasından, Azərbaycanın enerji diplomatiyasının uğurlarından, ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorunmasından və sair kimi qürurverici məqamlardan danışdı. Qeyd etdi ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Ermənistanın işğalı dövründə ərazilərimizə yerləşdirdiyi mina təhlükəsi bütün ciddiyyəti ilə davam edir. Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.
Cənab İlham Əliyev çıxışında, həmçinin vurğuladı ki, Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib.
Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
