Xəbərlər
Tarixi Zəfər: Azərbaycan Qələbə yolu ilə inamla irəliləyir
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Məlum olduğu kimi 1990-cı illərin əvvəlləri Azərbaycan üçün ağır bir sınaq dövrü idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz daxili siyasi böhran, sosial-iqtisadi çətinliklər və Ermənistanın genişmiqyaslı hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Qarabağda alovlanmış münaqişə torpaqlarımızın işğalı, minlərlə soydaşımızın ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi.
Məhz belə bir taleyüklü zamanda xalqın çağırışı ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı siyasi xaosdan çıxararaq sabitlik və inkişaf yoluna gətirdi. Dövlətçiliyin əsasları formalaşdırıldı, ordu quruculuğu əsas prioritet elan olundu, ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndirildi. O dövrdən etibarən Azərbaycan sistemli şəkildə qurulmağa başladı.
Ulu Öndərin siyasi kursunu bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla və qətiyyətlə davam etdirir. Son 20 ildə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda və dünyada güclü, nüfuzlu dövlətə çevrilib. İqtisadi sabitlik, müasir ordu quruculuğu, diplomatik əlaqələrin genişlənməsi və ölkənin strateji layihələrdə əsas oyunçuya çevrilməsi bu siyasətin real nəticələridir.
Azərbaycan artıq güclü dövlətdir və bu güc 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünün ən parlaq təzahürünü tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad etdi. Hərbi uğurumuz, siyasi iradəmiz və xalqımızın birliyi sayəsində ölkəmiz tarixi ədaləti bərpa etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut və nəhayət, Şuşa – hər biri bu tarixi zəfərin simvollarıdır.
Bu Zəfər xalqımızın mübarizə ruhunun, şəhidlərimizin qanı ilə yazılmış bir tarixidir. Eyni zamanda bu Qələbə həm də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən 20 illik sistemli siyasətin, güclü dövlət və güclü ordu modelinin nəticəsidir. Bu müharibədə yalnız əsgərlər deyil, bütün xalq bir yumruq kimi birləşdi – cəbhədə vuruşanlarla yanaşı arxa cəbhədə çalışanlar, informasiya müharibəsində iştirak edənlər, şəhid anaları, qazilər – hamı bu Zəfərin bir hissəsi oldu.
Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısında yeni mərhələ başladı – bərpa, quruculuq və tam suverenliyin təmin olunması mərhələsi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin Qarabağ bölgəsindəki bütün qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Bununla da dövlətimiz ərazi bütövlüyü ilə yanaşı, faktiki olaraq hüquqi və inzibati suverenliyini tam bərpa etdi.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq ilk köçlər həyata keçirilib. İnfrastruktur layihələri, məktəblər, xəstəxanalar, yollar, elektrik stansiyaları – bütün bunlar bir daha göstərir ki, Azərbaycan bu torpaqları yalnız geri qaytarmayıb, həm də burada həyatın, inkişafın və gələcəyin təməlini atıb.
Cənab Prezident İlham Əliyev həm də regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ciddi təşəbbüslərlə çıxış edir. Ermənistanla münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan hər zaman prinsipial və açıq mövqe nümayiş etdirir. Prezidentimizin də qeyd etdiyi kimi, qarşılıqlı olaraq suverenliyin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması regionun gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Azərbaycanın bu aydın və sülhə yönəlmiş siyasəti beynəlxalq müstəvidə də dəstəklənir. Bu gün Azərbaycan həm qalib dövlətdir, həm də regional sabitliyin əsas təminatçısı rolunu oynayır.
Qazilərimizə, şəhid ailələrinə göstərilən diqqət, sosial müdafiə tədbirləri, reabilitasiya proqramları – bunların hər biri dövlətin öz qəhrəmanlarına olan hörmətinin nümunəsidir. Onların fədakarlığı tariximizin ən müqəddəs səhifəsidir və daim yaddaşımızda yaşayacaq.
Sonda bir daha vurğulamaq istəyirəm: biz güclü dövlət qurduq, biz ərazi bütövlüyümüzü bərpa etdik, biz gələcəyimizi azad torpaqlarda qururuq. Bu yolun önündə müdrik lider, arxasında birlikdə bir xalq dayanır.
