YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

27 Sentyabr – qəhrəmanlıq, qürur və zəfərimizin rəmzi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 27 Sentyabr – Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızı azad edən igidlərin, canını qurban verən şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Bu tarix həm də Azərbaycan xalqının bir yumruq kimi birləşərək göstərdiyi əzmin, iradənin və tarixi Zəfərin təntənəsidir.

Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın işğalçı siyasəti, saxta iddiaları və “dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyaları regionda sülhə imkan vermirdi. 30 ilə yaxın davam edən işğal nəticəsində torpaqlarımız viran edilmiş, yüz minlərlə soydaşımız didərgin salınmış, xalqımıza qarşı dəhşətli qətliamlar törədilmişdi. Xüsusilə, Xocalı soyqırımı erməni faşizminin mahiyyətini bütün dünyaya göstərdi.

Beynəlxalq təşkilatların ikili standartları da problemin həllini yubadır, BMT qətnamələri isə kağız üzərində qalırdı. Ermənistanın davamlı təxribatları, təmas xəttində dinc əhaliyə atəş açması Azərbaycan xalqının “səbir kasasını” daşırdı.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şücaəti və xalqımızın milli iradəsi ilə şanlı Qələbə ilə nəticələndi. 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Şuşanın azad olunması isə müharibənin zirvə nöqtəsi oldu. Daha sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da siyasi-diplomatik yolla ölkəmizə qaytarıldı.

Bu Qələbə Azərbaycanın güclü Ordusunun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsinin və xalqımızın birliyinin təntənəsidir. Prezident İlham Əliyevin dediyi kimi:
“Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”

Vətən müharibəsində canını fəda edən 2908 şəhidimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onların qəhrəmanlığı dastana çevrilmişdir. Qazilərimizin sağlamlığının bərpası üçün dövlətimiz bütün imkanlarını səfərbər edib, “YAŞAT” Fondu vasitəsilə şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli dəstək göstərilir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il 27 sentyabr Anım Günü kimi qeyd olunur. Bu, dövlətin öz qəhrəman oğul və qızlarının xatirəsinə göstərdiyi dərin ehtiramın bariz nümunəsidir.

Vətən müharibəsi Qələbəsinin rəmzi olaraq Zəfər parkı və Memorial Kompleks inşa olunub. Burada şəhidlərimizin adları əbədiləşdirilir, gələcək nəsillərə xalqımızın qəhrəmanlıq salnaməsi təqdim olunur. Həmçinin “Zəfər” və “Qarabağ” ordenləri, müxtəlif medallar təsis edilərək müharibə iştirakçılarına təqdim edilib – bu da dövlətin igid övladlarına yüksək dəyərinin göstəricisidir.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və tarixi Zəfərinin rəmzidir. Şəhidlərimizin müqəddəs qanı bahasına azad etdiyimiz torpaqlarda bu gün quruculuq işləri aparılır. Biz artıq qalib xalq, güclü dövlətik. Bu gün hər bir azərbaycanlının qəlbində qürurla səslənən bir həqiqət var: Qarabağ Azərbaycandır!