Xəbərlər
Prezident İlham Əliyev: Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır
«Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və qardaşlığımız dayanır. Demək olar ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək, arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək». Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstan Respublikasına rəsmi səfəri zamanı mətbuat üçün bəyanatında bildirib.
Səfər çərçivəsində tərəflər arasında birgə Bəyannamə imzalandığını deyən dövlətimizin başçısı qeyd edib ki, sənəddə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Azərbaycan Prezidenti vurğulayıb ki, bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul etmişlər.
«Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Əlbəttə, bu gün biz enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdik. Bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər, bu layihələr tezliklə həllini tapsın. Xüsusilə, “Cənub” qaz dəhlizi ki, bu gün uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi bu gün “Cənub” qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. “Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası vardır. Bu layihə uğurla icra edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika layihəsidir. “Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək»- deyə, Prezident İlham Əliyev vurğulayıb.