Xəbərlər
Kəlbəcər parlaq gələcəyə qovuşur

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycan tarixi torpaqlarına qovuşaraq bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səyləri ilə xarakterizə edilən yeni mərhələni uğurla davam etdirir. Böyük Qayıdış Proqramına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. Avqustun 21-də Böyük Qayıdışın növbəti ünvanı tariximizə yazıldı. Kəlbəcərlilər dogma yurd-yuvalarına qayıtdılar. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağa səfər çərçivəsində Kəlbəcər və Ağdərə rayonlarında oldular, bir çox sosial obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etdilər. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Prezident İlham Əliyev sakinlərlə görüşündəki çıxışında qeyd etdi ki, biz ədaləti, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz, bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.
Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Kəlbəcər bir güllə atılmadan azad edildi.
Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir tələblər səviyyəində bərpa işləri aparır. Şəhər və kəndlər Baş plan əsasında yenidən qurulur. Azərbaycanın hələ 30 illik işğal dövründə Qələbəmizə əminlik əsasında bərpa-quruculuq işləri barədə düşünürdü. Dövlət başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsində xarici mətbuata 30-dan artıq müsahibəsinin hər birində müharibədən Zəfərlə çıxacağımıza böyük əminlik ifadə edilməklə yanaşı, postmünaqişə dövrünün hədəfləri də açıqlanırdı. Müharibədən dərhal sonra azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılması da bunun bariz nümunəsidir. Azərbaycan təkmil dirçəliş modelini təqdim etməklə dünya hərb tarixində ilkə imza atdı.
Son beş ilin əsas çağırışı qurub-yaratmaq, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Cənab İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə “Bizim işimiz quruculuqdur” söyləyərək onu da bildirdi ki, ermənilər bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi. Hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb: “Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq… Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”.
Xalqımız tarixi torpaqlarına qovuşacağına əmin idi. Azərbaycan dövlətinin qətiyyəti, diplomatik uğurlarının davamlılığı, hərbi gücümüz, xalqımızın birliyi bu əminliyə əsas verirdi. Dövlət başçısı İlham Əliyev həmin görüşdə bird aha bildirdi ki, bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu, bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur.