YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün planlar ardıcıllıqla həyata keçirilir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlayan yeni mərhələ hər an biri-birindən mühüm uğurlarla diqqətdədir. Şanlı Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər birimizi qürurlandırır. Azərbaycan bərpa işləri ilə dünyanın hərb tarixinə yeni səhifə yazıb. Bu baxımdan ki, müharibədən dərhal sonra quruculuq işlərinə başlamaq qeyri-mümkündür.  Azərbaycan, eyni zamanda, bütün işləri sıfırdan öz daxili imkanları hesabına  həyata keçirir.

Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə 30 illik işğal dövrünün, tarixi Zəfərimizin reallıqlarından geniş bəhs etdi. 44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Tarixi Qələbəmizin reallıqları fonunda bu məqam da daim vurğulanır ki, müharibə olmaya da bilərdi. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi.  Dövlətimizin başçısının Kəlbəcər sakinləri ilə görüşündə qeyd etdiyi kimi, uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı, faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Ermənistana qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara bu məqsədlə  pulsuz verilirdi- İşğal davam etsin,  azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.

Tarixi Zəfərimizdən sonra ölkəmizin  sözünün imzası qədər əhəmiyyətinin daha da artması, söz sahibliyi reallıqdır. Bu gün Azərbaycan qalib ölkə olaraq yeni reallıqları qəbul etdirən tərəfdir. Prezident İlham Əliyev bu uğurlarımıza da xüsusi diqqət yönəltdi. Bildirdi ki, Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu. Yəni, dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu, bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bugünkü reallıqlar da göstərir: “Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”. 

Hər bir uğurumuzu şərtləndirən amillərdən bəhs edərkən Prezident-Xalq birliyini xüsusi qeyd edirik. Xalqa arxalanan, xalqdan güc alaraq ölkənin gələcəyi naminə  yeni-yeni hədəflərə doğru inamla addımlayan Liderə milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyevin  Kəlbəcər şəhərinə qayıdan əhali ilə görüşündə  söylədiyi fikirlər də bu sevginin aydın mənzərəsini yaradır. “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz”.

Artıq beş ildir ki, azad Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Dövlət başçısı İlham Əliyevin avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqət yetirmək kifayətdir.  Bütün planlar ardığıllıqla həyata keçirilir.