Xəbərlər
Ana dili hər bir xalqın milli-mənəvi sərvətidir

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verib. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.Ulu öndər bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu.
Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi dilimizin inkişafına xüsusi diqqət yetirərək müstəsna xidmətlər göstərib.1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla ümumiyyətlə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib.
Ümumiyyətlə, Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu Öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
1995-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ümumiyyətlə, Heydər Əliyev dil məsələsinə böyük həssaslıq göstərirdi. O, həmişə vətəndaşlara, xüsusilə gənclərə müxtəlif dilləri öyrənməyi tövsiyə edirdi. Amma onu da vurğulayırdı ki, ilk növbədə dövlət dili öyrənilməlidir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ana dili siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etirilir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Qürurverici haldır ki, dövlətimiz tərəfindən dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dilinin gələcəyi əmin əllərdədir.