YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəmiyyətin inkişafına töhfələr vermiş milli mətbuat

Daşqın Mikayılov

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Azərbaycan milli mətbuatı xalqımızın milli özünüdərki, ictimai-siyasi şüurunun formalaşması, maarifçilik və azadlıq ideallarının yayılması baxımından əvəzsiz rol oynamışdır. Bu sahənin əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə qoyulmuşdur. “Əkinçi” yalnız bir qəzet deyildi – bu, xalqı elmi biliklərə, maarifə, mütərəqqi ideyalara səsləyən, milli oyanışı gücləndirən, azərbaycançılıq ideyasının əsaslarını qoyan mühüm bir tribuna idi.

“Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Hayat”, “Molla Nəsrəddin”, “İrşad” kimi qəzet və jurnallar mətbuat tariximizə yeni nəfəs gətirdi. Bu nəşrlər dövrün sosial-siyasi hadisələrinə münasibət bildirməklə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrini maarifləndirməyə, milli ruhu yüksəltməyə çalışırdı. Xüsusilə, "Molla Nəsrəddin" jurnalı satirik dili, kəskin tənqidi mövqeyi və xalqın problemlərini cəsarətlə gündəmə gətirməsi ilə seçilirdi.

Sovet dövründə Azərbaycan mətbuatı ideoloji nəzarət altında fəaliyyət göstərsə də, bir çox hallarda milli dəyərlərin qorunmasına, ədəbiyyat və mədəniyyətin inkişafına xidmət edən materiallar da dərc olunurdu. “Kommunist”, “Azərbaycan”, “Ədəbiyyat və incəsənət” kimi qəzetlər və “Azərbaycan”, “Ulduz”, “Elm və həyat” kimi jurnallar bu dövrün aparıcı mətbu orqanları sırasında idi.

Azərbaycan milli mətbuatının inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hələ Sovet dövründə – 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi ilk dövrdən etibarən Ulu Öndər mətbuatın peşəkarlıq səviyyəsinin artırılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların beynəlxalq mətbuatla əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atmışdır.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə Heydər Əliyev söz və fikir azadlığını, mətbuatın senzura zəncirindən qurtulmasını təmin etmişdir. 1998-ci ildə ölkədə rəsmi senzuranın ləğv olunması məhz Ulu Öndərin imzaladığı fərmanla mümkün olmuşdur. Bu addım Azərbaycanda söz azadlığının təmin olunması və mətbuatın demokratik inkişafı yolunda dönüş nöqtəsi olmuşdur.

Heydər Əliyev jurnalistləri cəmiyyətin vicdanı və maarifçisi adlandıraraq, onların fəaliyyətinə hər zaman yüksək qiymət vermişdir. Onun rəhbərliyi dövründə mətbuata dövlət dəstəyi konsepsiyası formalaşmış, jurnalistlərin mənzil-məişət problemlərinin həlli üçün ciddi işlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Onun rəhbərliyi ilə mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin artırılması və informasiya mühitinin liberallaşdırılması istiqamətində mühüm qərarlar qəbul olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü və imzaladığı sərəncamlarla Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul olunmuş, bu çərçivədə mətbuat orqanlarına maliyyə yardımı göstərilmiş, jurnalistlər üçün çoxsaylı mənzillər tikilərək istifadəyə verilmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin dəstəyi ilə Medianın İnkişafı Agentliyi yaradılmış və bu qurum vasitəsilə mətbuatın keyfiyyətcə yeni mərhələyə keçməsi təmin olunmuşdur. Agentliyin fəaliyyətinin əsas məqsədi müasir və peşəkar medianın formalaşdırılması, dezinformasiyanın qarşısının alınması, jurnalistlərin etik kodekslərə uyğun fəaliyyət göstərməsini təşviq etməkdir.

Rəqəmsallaşma dövründə Azərbaycan mətbuatı da yeni mərhələyə qədəm qoymuşdur. Ənənəvi çap mediası ilə yanaşı onlayn media platformaları da genişlənmiş, sosial şəbəkələr informasiya mübadiləsində mühüm rol almağa başlamışdır. Bu, həm yeni imkanlar, həm də məsuliyyətlər yaratmışdır. Dezinformasiya, süni xəbərlər və manipulyativ məzmunlar çağdaş mətbuatın qarşısında duran əsas problemlərdən biri olsa da, dövlətin media savadlılığı istiqamətində atdığı addımlar bu təhlükələrin qarşısını almağa yönəlmişdir.

Azərbaycan mətbuatı bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də fəal informasiya mübarizəsinin iştirakçısına çevrilmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə mətbuat orqanlarının operativ fəaliyyəti, informasiya müharibəsində qələbəmizdə mühüm rol oynamışdır. Prezident İlham Əliyevin yerli və xarici mətbuat orqanlarına verdiyi müsahibələr ölkə həqiqətlərinin dünyaya çatdırılmasında vacib alətə çevrilmişdir.

Azərbaycan milli mətbuatının tarixi inkişaf yolu zəngin və şərəflidir. "Əkinçi"dən başlayan bu yol bu gün müasir, peşəkar və vətənpərvər media məkanına çevrilmişdir. Bu inkişafın arxasında xalqın milli oyanışı, maariflənməsi və müstəqillik uğrunda apardığı mübarizələr dayanır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən mətbuata göstərilən diqqət və qayğı, onun inkişafı üçün yaradılan şərait bu sahəni milli dövlətçiliyin və azərbaycançılığın daşıyıcı sütunlarından birinə çevirmişdir. Gələcəkdə də Azərbaycan mətbuatının milli maraqlara xidmət edən, obyektiv, qərəzsiz və yüksək peşəkarlıqla fəaliyyət göstərən bir güc kimi mövqeyini qoruyacağına əminliklə inanmaq olar.