YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Liderlik, güclü iradə, xalq dəstəyi

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

2020-ci il 8 noyabrda Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı.

Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən bəyan etmişdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. 44 gün davam edən müharibə boyu rəşadətli Ordumuz dayanmadan, inamla Şuşaya doğru irəlilədi və 8 noyabrda bu müqəddəs arzu gerçəkliyə çevrildi. Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm qələbənin memarı, Cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndər Heydər Əliyevin başladığı işi məntiqi sonluğuna çatdırdı. Beləliklə, O, öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində bu gün dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövlətini qurdu. Ordumuz ən müasir silah və texnika ilə təmin edildi, döyüşçülərin mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri addımlar atıldı. Prezidentin rəhbərliyi ilə yaradılan güclü hərbi potensial və artan iqtisadi imkanlar sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış dörd qətnaməsini özü icra etdi.

44 gün davam edən müharibə xalqımızın birliyini, dövlətinə və Ordusuna sonsuz sədaqətini nümayiş etdirdi. Xalq, dövlət və ordu bir yumruq kimi birləşərək bu tarixi qələbəni döyüş meydanında qazandı. Ermənistan ordusunda on minlərlə fərari olduğu halda, bizim bir əsgərimiz belə döyüş meydanını tərk etmədi. Hər gün, hər saat qəhrəmanlıq dastanı yazıldı. 8 Noyabr — bu gün bizim şanlı Qələbəmizin, Zəfərimizin əbədi simvoluna çevrildi.

Cənab Prezidentin dediyi kimi, “bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masasında yox”. Müzəffər Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu.

44 günlük Vətən müharibəsində üç minə yaxın qəhrəmanımız canını Vətən uğrunda fəda etdi. Biz “bir evdən iki şəhid verib, Ana Vətən sağ olsun” deyən bir xalqıq. Belə xalqın Ordusu Zəfərdən başqa nəticə qazanmazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində bu Zəfəri böyük qürurla elan edərkən, xalqın inamını və dəstəyini hər an hiss etdiyini vurğuladı.

Bəzi dairələr düşünürdü ki, Azərbaycan Şuşanın azad olunması ilə kifayətlənəcək. Lakin 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən antiterror tədbirləri göstərdi ki, dəmir yumruq hələ də yerindədir. Cəmi 23 saat 48 dəqiqə davam edən əməliyyat nəticəsində düşmən bir daha ağ bayraq qaldırmağa məcbur oldu. Bununla da Qarabağda separatizmə və terrorçuluğa birdəfəlik son qoyuldu. Prezident İlham Əliyev Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə üçrəngli bayrağımızı ucaldaraq xalqımıza misilsiz qürur və sevinc bəxş etdi. Beləliklə, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.

28 illik ayrılıqdan sonra Şuşa öz sahiblərinə qovuşdu. Düşmən tapdağından azad edilən bu müqəddəs şəhərdə son beş ildə böyük bərpa və yenidənqurma işləri həyata keçirilib. İgid oğullarımızın Şuşaya doğru açdığı dağ cığırları boyu salınan 101 kilometrlik “Zəfər Yolu” bu gün qürur və qələbə rəmzidir.

Şuşa tarixən Azərbaycanın mədəni, ictimai və siyasi həyatının mərkəzlərindən biri olub. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə böyük zərər vurulsa da, 2020-ci ildən dərhal sonra geniş bərpa işlərinə başlanıldı. Prezident İlham Əliyevin 2021-ci il sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, 2022-ci il isə “Şuşa İli” kimi qeyd olundu. 2023-cü ildə isə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.

Artıq şəhərdə “Xarıbülbül” və “Qarabağ” hotelləri, Konqres Mərkəzi Kompleksi, modul tipli xəstəxana fəaliyyət göstərir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri bərpa edilərək əvvəlki yerlərinə qaytarılıb. Yeni yaşayış kompleksləri, turizm obyektləri və sosial infrastruktur sürətlə qurulur.

Bu gün, 2025-ci ildə demək olar ki, Şuşa təkcə Azərbaycanın deyil, bütün bölgənin ən gözəl, müasir və eyni zamanda ən çox tarixi ruhu qorunan şəhərlərindən birinə çevrilib. Zəfərdən doğan Şuşa indi yenidən doğulmuş Azərbaycanın simvoludur, azadlığın, qürurun və əbədi birliyin rəmzidir.