Xəbərlər
Qürur və milli birliyimizin simvolu
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
Bayraq xalqın azadlıq məfkurəsinin, dövlətçiliyinin və milli kimliyinin canlı simvoludur. Azərbaycan üçün isə üçrəngli Dövlət Bayrağı həm tarixi irsimizin, həm də müasir uğurlarımızın ən parlaq ifadəsidir. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Dövlət Bayrağı Gününün tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumət iclasında qəbul edilmiş və həmin binanın üzərində qaldırılmışdır. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan bu bayraq milli istiqlal ideologiyasının üç əsas prinsipini – Türkçülük, müasirlik və islamçılıq – özündə ehtiva edirdi. Bu ideyanın müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə idi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvanın Dövlət Bayrağı olaraq təsdiqləndi. O, xatırladırdı:
“Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq. Hələ Sovet hakimiyyəti də var idi. Qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır.” Daha sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı rəsmi Dövlət Bayrağı elan etdi və beləliklə, müstəqil Azərbaycan dövlətçiliyinin simvolu yenidən mavi göylərdə dalğalanmağa başladı.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməlidir. Dövlət Bayrağı qanunla qorunan rəmzdir və onun istifadəsi xüsusi qaydalarla tənzimlənir. 2018-ci il Konstitusiya Qanunu bayrağın ölçü, rəng və simvolikasını müəyyən edir: yuxarı mavi, orta qırmızı, aşağı yaşıl zolaq; qırmızı zolağın ortasında isə ağ rəngdə aypara və səkkizguşəli ulduz yerləşir. Bu rəmzlər milli kimliyin, azadlıq məfkurəsinin və ümumbəşəri dəyərlərə sadiqliyin simvoludur. Dövlət Bayrağı milli həmrəyliyin və ümumi azərbaycançılıq məfkurəsinin əsas rəmzidir. Ulu Öndər Heydər Əliyev vurğulayıb: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə bayrağın əhəmiyyətini belə ifadə edib:
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.” Dövlət Bayrağı yalnız milli bir rəmz deyil, həm də qələbəmizin simvoludur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağın ucaldılması tarixə yazıldı. Bu, milli kimliyimizin, qürurumuzun və sabaha ümidlə baxan addımlarımızın rəmzidir. Şuşa, Xankəndi və digər azad edilmiş ərazilərdə bayrağın ucaldılması Azərbaycan xalqının qələbə ruhunu və dövlətçiliyə sadiqliyini simvollaşdırır.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşını birləşdirən müqəddəs gündür. Bayrağa hörmət göstərmək yalnız qanuni vəzifə deyil, eyni zamanda vətənimizə, millətimizə və dövlətimizə olan sevgi və sədaqətin ifadəsidir. Üçrəngli bayrağımız hər zaman mavi göylərdə dalğalanacaq, gələcək nəsillərə azadlıq, qürur və milli birliyimizin simvolu kimi miras qalacaq.
