Xəbərlər
Müdrik siyasətin uğurlu nəticələri
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Azərbaycan Respublikasi bu gün regionda və dünyada güclü, olduqca nüfuzlu dövlətə çevrilib. İqtisadi sabitlik, müasir ordu quruculuğu, diplomatik əlaqələrin genişlənməsi və ölkənin strateji layihələrdə strateji aktora çevrilməsi Prezident İlham Əliyevin apardığı güclü siyasətin real nəticələridir.
Azərbaycan suveren, qüdrətli dövlətdir və bu güc 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünün ən parlaq təzahürünü tapdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad etdi. Hərbi uğurumuz, siyasi iradəmiz və xalqımızın birliyi sayəsində ölkəmiz tarixi ədaləti bərpa etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut və nəhayət, 2020-ci ilin 8 Noyabr tarixində azad olunan Şuşa – hər biri bu tarixi zəfərin simvollarıdır.
Əlbəttə ki, bu parlaq Zəfər xalqımızın mübarizə ruhunun, şəhidlərimizin qanı ilə yazılmış bir tarixidir. Eyni zamanda bu Qələbə həm də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən 20 illik sistemli siyasətin, güclü dövlət və güclü ordu modelinin nəticəsidir. Bu müharibədə yalnız əsgərlər deyil, bütün xalq bir yumruq kimi birləşdi – cəbhədə vuruşanlarla yanaşı arxa cəbhədə çalışanlar, informasiya müharibəsində iştirak edənlər, şəhid anaları, qazilər – hamı bu Zəfərin bir hissəsi oldu.
8 Noyabr 2020-ci ildə Şuşa şəhərinin azad olunması ilə Ermənistan ordusu qarşımızda diz çökdü və bu gün bizim tariximizə Zəfər Günü kimi yazıldı. “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən ulu öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev reallaşdırdı. Prezident İlham Əliyevin bu sözləri “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” məhz Zəfərimizin müjdəsi idi.
2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin Qarabağ bölgəsindəki bütün qanunsuz silahlı dəstələr zərərsizləşdirildi.Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısında yeni mərhələ başladı – bərpa, quruculuq və tam suverenliyin təmin olunması mərhələsi. Bununla da dövlətimiz ərazi bütövlüyü ilə yanaşı, faktiki olaraq hüquqi və inzibati suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
