YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Salyan rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) YAP Salyan rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə “Siyasi iradədən milli birliyə” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

YAP Salyan rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov partiyanın yaranma tarixindən və keçdiyi inkişaf yolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın qarşıya qoyduğu strateji hədəflərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bu gün YAP təkcə siyasi təşkilat deyil, həm də xalqın iradəsini, dövlətçilik ideyalarını və gələcəyə olan inamını təcəssüm etdirən güclü ictimai-siyasi qüvvədir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək yaradılmasının 32 illiyi qeyd edilən rayon təşkilatının hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formalaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edilib. Qeyd edilib ki, müasir, dayanıqlı və güclü Azərbaycan dövlətinin formalaşmasında partiyanın fəaliyyəti əvəzsizdir. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyası təkcə siyasi hadisələrin axarında yaranan təşkilat deyil, milli məsuliyyətin və xalqın sabaha olan inamının çağırışı ilə meydana çıxmış bir hərəkatdır. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə əsası qoyulan bu partiya çətin və ziddiyyətli dövrlərdə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək sabitliyə və inkişafa aparan yolun əsas siyasi dayağına çevrilib. Arif Rəhimzadə vurğulayıb ki, partiyanın uğur tarixini yaradan əsas amillərdən biri ideoloji sabitlik, prinsipial mövqe və xalqla daim sıx təmasda olmasıdır. O bildirib ki, partiya veteranlarının topladığı təcrübə, dövlətçiliyə və xalqa bağlılığı gənc nəsil üçün örnək olmalı, bu mənəvi körpü davamlı şəkildə qorunmalıdır.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının ən böyük gücü onunla xalq arasında yaranmış etimad körpüsüdür. Bu etimad hər bir seçkidə, hər bir milli hədəfə doğru atılan addımda özünü bir daha təsdiqləyir. Partiyanın fəaliyyəti təkcə siyasi proseslərin idarə olunması ilə məhdudlaşmır – o, həm də dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində, ictimai şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır.

Tədbirdə həmçinin, YAP Salyan rayon təşkilatının veteran üzvü Kərəm Muradov, Salyan Rayon Statistika İdarəsinin rəisi, ərazi partiya təşkilatının sədri Elnur Hüseynov, Salyan şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin direktoru, partiya fəalı Gülər Quliyeva və başqaları çıxış edərək bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzunun davamlı olaraq artdığını deyiblər.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv