Xəbərlər
Münasibətlərin gələcək inkişaf yolları

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycanın türk dünyasının birliyinə töhfələri davamlılığı ilə diqqətdədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də ölkəmizdə səfərdə oldu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.
Əməkdaşlığın möhkəmləndirilməsində imzalanan sənədlər möhkəm hüquqi baza rolunu oynayır. Bu baxımdan Özbəkistan Prezidentinin səfəri zamanı müxtəlif istiqamətləri əhatə edən 15-dən artıq sənədin imzalanması ölkəmizin, eyni zamanda, Özbəkistanın həyatında mühüm hadisə oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Cənab İlham Əliyev bildirdi ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostuq, qardaşıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlərik. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır. O da qeyd edildi ki, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik.
Prezident İlham Əliyev mətbuata bəyanatında da bu məqamı xüsusi vurğuladı ki, Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
İyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi imkanlara diqqəti yönəldərək bildirdi ki, ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir. Belə bir əminlik ifadə edildi ki, Zirvə görüşündə aparılan müzakirələr ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək.
Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük diqqət yetirir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur. Azərbaycan ECO çərçivəsində əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir.