Xəbərlər
İranın riyakar siyasəti regional təhlükəsizliyə təhdiddir
Asif Əsgərov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər Naxçıvan Muxtar Respublikasının ərazisinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumun ciddi təhlükə və təxribat xarakteri daşıdığını bir daha göstərdi. İran İslam Respublikası ərazisindən buraxılmış dronların mülki obyektləri hədəf alması regionda sülh və sabitliyə zidd olan açıq hərbi təxribatdır. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki istiqamətlərin atəşə tutulması bu hücumun sırf mülki infrastruktura qarşı yönəldiyini göstərir. Belə bir addım beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olmaqla yanaşı, terror aktı kimi dəyərləndirilir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Çünki hücum İran ərazisindən həyata keçirilib və bu fakt hadisənin planlı və məqsədyönlü xarakter daşıdığını göstərir. İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisini dronlarla hədəfə alması riyakarlığın və nankorluğun bariz nümunəsidir. Xüsusilə mülki obyektlərin hədəf seçilməsi bu addımın siyasi və hərbi baxımdan acizlik göstəricisi olduğunu ortaya qoyur. Mülki infrastruktura qarşı hücumlar heç bir halda əsaslandırıla bilməz və bu cür addımlar yalnız beynəlxalq hüquqa hörmət etməyən qüvvələrin davranışıdır.
Bu hücum, eyni zamanda regionda gərginliyin artmasına xidmət edir. Bu səbəbdən İran tərəfi baş vermiş hadisəyə qısa müddət ərzində aydınlıq gətirməli, rəsmi izahat verməli və bu kimi halların təkrar baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Azərbaycan daim mehriban qonşuluq prinsiplərinə sadiq qalıb. Dövlətimiz heç vaxt öz ərazisinin başqa ölkələrə qarşı istifadə olunmasına imkan verməyib və regionda sabitliyin qorunmasına töhfə verib. Azərbaycan ərazisi İran və ya başqa dövlət üçün heç vaxt təhlükə mənbəyi olmayıb. Əksinə, rəsmi Bakı hər zaman qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin qorunmasına çalışıb.
Bunun bariz nümunəsi son dövrdə baş verən hadisələr fonunda nümayiş etdirilən humanist yanaşmadır. İranın Ali Rəhbərinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev dərhal başsağlığı verib, İranın ölkəmizdəki səfirliyini ziyarət edib və öz ehtiramını ifadə edib. Bu addım qonşuluq münasibətlərinə verilən önəmin göstəricisi idi. Bundan əlavə, İran tərəfi çətin vəziyyətdə qaldıqda da Azərbaycan humanitar dəstək göstərməyə hazır olduğunu nümayiş etdirib.
Dövlətimizin təhlükəsizliyi və ərazi bütövlüyü hər zaman qətiyyətlə qorunub və bundan sonra da belə olacaqdır. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Azərbaycan öz təhlükəsizliyini təmin etmək, vətəndaşlarını qorumaq və milli maraqlarını müdafiə etmək üçün bütün zəruri addımları atmaq gücündədir. Regionda sülh və sabitliyin qorunması üçün ilk növbədə beynəlxalq hüquqa hörmət göstərilməsi və bu kimi təxribatlara son qoyulması vacibdir.
