Xəbərlər
Saatlıda 8 Mart - Beynəxalq Qadınlar Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 8 Mart - Beynəxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan qadınları hər zaman cəmiyyətin inkişafında, dövlət quruculuğunda və milli dəyərlərin qorunmasında mühüm rol oynayıblar. E.Əzizov vurğulayıb ki, ölkəmizdə qadın hüquqlarının qorunması və onların ictimai həyatda fəal iştirakının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verib. Vurğulanıb ki, bu gün ölkəmizdə mövcud olan sabitlik, inkişaf və tərəqqi məhz uğurlu dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti sayəsində ölkəmiz dayanıqlı inkişaf yolunda inamla irəliləyir və dövlətimizin beynəlxalq nüfuzu artır.
Tədbirdə şəhid anası Qabiliyyət Məmmədova, Dədə Qorqud kənd körpələr evi-uşaq bağçasının müdiri Gülayə Həsənova və Sarıcalar kənd tam orta məktəbin direktoru Xanım İsgəndərova bildiriblər ki, Azərbaycan qadınları elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə mühüm uğurlara imza atmış, dövlətimizin inkişafına öz töhfələrini veriblər. Natiqlər bildirib ki, qadınların dövlət idarəçiliyində, parlamentdə, yerli özünüidarəetmə orqanlarında və müxtəlif ictimai təşkilatlarda fəal iştirakı bunun bariz nümunəsidir.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına gül buketləri və hədiyyələr təqdim edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.
