Xəbərlər
Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısı

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
İyulun 4-də qədim Azərbaycan torpağında, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərə nail olunmasında da mühüm rol oynayır. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Ölkənin zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir. İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə edilən məsələlər xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Onu da qeyd edək ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr yeni istiqamətlər üzrə inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Son 21 ildən artıq dövrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü ildə Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci ildə BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olmuşdu. Həmçinin 2021-ci il mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etdi. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2023-cü ilin avqustunda ölkəmizə rəsmi səfəri çərçivəsində Füzuli rayona getdi və həmin məktəbin açılış mərasimində iştirak etdi. Atılan bu mühüm addım iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Özbəkistan Prezidenti Füzuli sakinləri ilə görüşündə bu məqamı xüsusi qeyd etdi ki, qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq.
Ötən il dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri zamanı müttəfiqlik barədə sənəd imzalandı. Cənab İlham Əliyev Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə səfəri çərçivəsində mətbuata bəyanatında bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur.