YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək ölkəmiz təkcə daxili tələbatı ödəməyi deyil, həm də Avropaya yaşıl enerji ixracını hədəfləyir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, su elektrik stansiyalarının modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın bu sahədəki strateji məqsədlərindən biridir. Ölkəmiz, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını minimuma endirməyi və enerji sektorunda bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmağı qarşısına məqsəd qoyub. Bu hədəflər Azərbaycanın təkcə regionda deyil, qlobal enerji bazarında da mövqeyini möhkəmləndirəcəyini göstərir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır.

İyunun 24-də “8 Noyabr” Elektrik Stansiyasının açılışı özündə bir sıra mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev bu stansiyanın açılış mərasimində vurğuladı ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək: “Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq”.

Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. “Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik: “Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq”.