Xəbərlər
Xətai rayonunda Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının “Rahib Məmmədov küçəsi 25” ünvanı üzrə ərazi partiya təşkilatında (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu) “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra ölkəmizin müdafiə sənayesindən bəhs edən videoçarx nümayiş etdirilib.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, “Rahib Məmmədov küçəsi 25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən, konstitusiya dəyərlərinin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıblar.
Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunan tarixi nailiyyətlərdən ətraflı bəhs edilib. Qeyd olunub ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malik ordu yaradılıb: “Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalan torpaqlarımızı azad etdi, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yazdılar”.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.