YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

2021-ci il iyunun 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Həmin gün təkcə siyasi yox, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. İlk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağın incisi olan Şuşada rəsmi olaraq qarşıladı. Bu tarixi görüşdə imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərində dönüş nöqtəsi oldu və strateji müttəfiqlik baxımından yeni bir mərhələnin əsasını qoydu.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ideologiyası və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri əsasında formalaşan bu sənəd təkcə diplomatik sənəd deyil, həm də tarixi yaddaşımıza həkk olunacaq qardaşlıq manifestidir. Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən yol xəritəsidir. Bu Bəyannamə, eyni zamanda, bölgədə sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın təmin olunması məqsədini daşıyır. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti regional təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır. Regionun siyasi və iqtisadi reallıqları göstərir ki, bu müttəfiqlik yalnız iki ölkənin deyil, bütün bölgənin rifahına xidmət edir. Əməkdaşlıq formatı həm də beynəlxalq arenada daha səmərəli fəaliyyətin əsasını qoyur.

Azərbaycan, beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, işğaldan azad olunan torpaqlarda yenidənqurma və bərpa işlərinə böyük həcmdə maliyyə və texniki resurslar ayırır. Bu prosesdə qardaş Türkiyənin iştirakı və dəstəyi xüsusi qeyd olunmalıdır. Şərqi Zəngəzur və Qarabağ regionunda həyata keçirilən yol, enerji, kommunikasiya və infrastruktur layihələri sürətlə davam edir. Bu layihələr təkcə fiziki quruculuğu deyil, həm də qardaşlıq körpüsünü daha da möhkəmləndirir. Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması sadəcə rəmzi bir hadisə deyil – bu, ortaq keçmişin, hazırkı birliyin və gələcək ortaq məqsədlərin simvoludur. İkinci Qarabağ müharibəsindən sonra bu birlik daha da möhkəmlənərək strateji müttəfiqliyə çevrilmişdir. Hər iki dövlət beynəlxalq siyasətdə öz mövqelərini daha da gücləndirərək, dünyaya sülh, əməkdaşlıq və qardaşlıq nümunəsi göstərməkdədir.

Şuşa Bəyannaməsi təkcə bir sənəd deyil, bu, tarixə qardaşlıq andı kimi yazılmış bir sənəddir. Azərbaycan və Türkiyə bundan sonra da eyni amal uğrunda birgə addımlayacaq, sülhə və tərəqqiyə gedən yolda öz qətiyyətini göstərəcək.