YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir

Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətli inkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcıl icra olunur.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Bakıda keçirilən Birinci Konqresinin iştirakçılarına ünvanladığı məktubda yer alıb.

“İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıq problemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilk belə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illər ərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə verilən dəyərin xüsusi ifadəsi hesab edirəm”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfli əməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədən ölkələrimizin birgə faydalanmalarının və problemlərin həllində ortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır.

“Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmiş qabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasında birlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumları qarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatə etməsi təqdirə layiqdir.

İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsini verəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlı fəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.