YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq uğurla davam edir

“Azərbaycanın enerji siyasəti beynəlxalq müstəvidə ölkəmizə böyük uğurlar qazandırır. Bu gün dünyada dövlətimizin enerji siyasətinə maraq olduqca böyükdür. Nüfuzlu ölkələr enerji sahəsində Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə maraqlıdır. Enerji sahəsində keçirilən beynəlxalq tədbirlər də məhz Azərbaycanın davamlı olaraq yüksələn mövqeyinin göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Dünya miqyasında tədbirə maraq ildən-ilə artır. Artıq üç onillikdir ki, Bakı dünya enerji gündəliyinin geniş şəkildə müzakirə olunduğu və bu sahədə perspektivlərin müəyyənləşdirildiyi bir məkana çevrilib.

Millət vəkilinin sözlərinə görə, hazırda dünya miqyasında müşahidə edilən reallıqlar fonunda beynəlxalq enerji əməkdaşlığının önəmi heç vaxt olmadığı qədər artıb. Ayrı-ayrı regionlarda geosiyasi və geoiqtisadi gərginliklərin artması, Yaxın Şərqdə, Şərqi Avropada davam edən müharibələr qarşıya yeni çağırışlar çıxarıb. Ənənəvi təchizat mexanizmlərinin pozulması, nəql marşrutlarının təhlükəsizliyinin təmin edilməməsi, siyasi motivlər əsas tutulmaqla bir sıra iri istehsalçılara genişmiqyaslı sanksiyaların tətbiqi yeni, daha etibarlı təchizat mənbələrinə ehtiyacı artırıb. İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakçıların səsləndirdikləri faktlar mənzərə barədə konkret təsəvvür yaradır.  Bu gün Avropa İttifaqı  özünün enerji sistemi tarixində şaxələndirmə və tərəfdaşlıq münasibətlərinə əsaslanan yeni fəsil açır. Bu reallıq fonunda Azərbaycan yeni mənbə kimi diqqət mərkəzinə gəlib.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla Avropa ölkələri arasında enerji əməkdaşlığı uğurla davam edir. Əvvəllər bu sahədə əməkdaşlıq neft və neft məhsullarının təchizatını əhatə edirdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında 1994-cü il 20 sentyabr tarixində Azərbaycanla transmilli şirkətlər arasında imzalanan “Əsrin müqaviləsi”ni xatırladıb. Bəhs olunan saziş regionda bütün geosiyasi və geoiqtisadi vəziyyətin dəyişməsinə güclü şəkildə təsir göstərdi. “Əsrin müqaviləsi” respublikamızın inkişafının, müstəqilliyini möhkəmlətməsinin əsas təkanverici qüvvəsi oldu. Həmin dövrün mənzərəsinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, o zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı aydın olmayan təsəvvürlər yaranmışdı. Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. “Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Deputat deyib ki, indiyədək keçilən yolda Azərbaycan təchizatçı ölkə olaraq bütün müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirib. Eyni zamanda, biz bilirik ki, bəzi təchizatçı ölkələr malik olduqları resurslardan istehlakçılara qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Respublikamız isə belə yanaşmalardan uzaqdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın enerji siyasəti ədalət prinsipinə əsaslanır və bu da hazırkı və potensial partnyorlarda ölkəmizə inamı atırır.

“Müasir nəql marşrutuna malik olması beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın digər bir mühüm üstünlüyüdür. Azərbaycan bir sıra təchizatçı ölkələrdən fərli olaraq şaxələndirlmiş nəql infrastrukturuna malikdir. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Dövlətimizin başçısı bəhs olunan marşrutu belə səciyyələndirib: “Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir”.

“Bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 12-yə çatıb və bu, hələ də son deyil. Respublikamızdan qaz tədarük edən ölkələrin 10-u Avropada yerləşir. Hazırda ixrac coğrafiyasının genişləndirilməsi və sərmayə qoyuluşu ilə bağlı ayrı-ayrı ölkələrlə danışıqlar aparılır. Bütün bunlar müsbət dinamikadır. Digər tərəfdən, ölkəmiz Avropaya “yaşıl enerji” ixrac etməyə hazırlaşır. Bütün bunlar ölkəmizə iqtisadi dividentlər qazandırmaqla yanaşı, siyasi nüfuzuna da əhəmiyyətli təsir edən amillərdən biridir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.