Xəbərlər
Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
“İlk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı.” Dövlət başçısı İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində onu da bildirdi ki, O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.
Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Təbii ki, Azərbaycanın bu mövqeyi qazanmasında “Əsrin müqaviləsi”nin icrası, həmçinin ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz sərgilərinin keçirilməsi əsas rol oynayır. Əməkdaşlığın coğrafiyasının genişlənməsi, eyni zamanda, sərgidə iştirak edən dövlətlərin, onları təmsil edən şirkətlərin sayının artması da bir çox məqamları özündə ehtiva edir. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan düzgün yol seçdi və bu yolun düzgün olmasını bügünkü Azərbaycanın inkişafında görürük. Artıq ənənəvi olaraq keçirilən sərgilərdə ötən dövrün uğurları geniş təhlil edilir, qarşıdakı mərhələni şərtləndirən hədəflər müəyyənləşdirilir. Bu günümüzün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə böyük potensiala malikdir. Dövlət başçısı İlham Əliyev Yubiley tədbirindəki çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək vurğuladı ki, neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
Göründüyü kimi, Azərbaycanın enerji sektorunda davamlı uğurlarının təmin edilməsi üçün geniş imkanlar yaranır. Ümumilikdə hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihənin gündəmə gətirilməsini zərurətə çevirir. Cənab İlham Əliyev günümüzün reallıqları fonunda bu məqamı xüsusi qeyd edir ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri vaxtında icra etmişdir.