Xəbərlər
Laçın Şəhəri Günü: yeni həyat və quruculuğun təcəssümü
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
26 avqust Laçın Şəhəri Günüdür. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. 2022-ci ilin 26 avqust tarixində dövlət başçısı İlham Əliyev bu müjdəni paylaşdı: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
Avqustun 26-da xalqımızla bu sevinci paylaşan Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabr ayında Laçın rayonuna səfər etdi, şəhərin mərkəzində qalibiyyət rəmzi olan Azərbaycan Bayrağını ucaltdı. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Laçın rayonunun enerji potensialına gəldikdə, ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.
2026-cı il iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.
Görülən işlərin miqyası genişdir. Bərpa-quruculuq işlərinin fonunda Laçın şəhərinə və kəndlərə soydaşlarımızın qayıdışı mərhələ-mərhələ həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara mütəmadi səfərlərinin hər biri bir çağırışdır. Bu torpaqların sahibi bizik, qurub yaradırıq. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının tikilib qısa zamanda istifadəyə verilmələri ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi qurub-yaratmaq vaxtıdır.
