YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın enerji təhlükəsizliyinin təminatçısı

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Azərbaycanın ev sahibliyi etdiyi, eyni zamanda, digər ölkələrdə keçirilən tədbirlər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatı olur. Bu baxımdan ki, həmin tədbirlərin harada keçirilməsindən, hansı mövzunu əhatə etməsindən asılı olmayaraq daim diqqət Azərbaycana yönəlir. Təbii ki, buna əsas verən ölkəmizin davamlı uğurlarını şərtləndirən siyasətidir.  Dövlət başçısı İlham Əliyev iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında diqqəti ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinə yönəldərək bildirdi ki, bu tədbir  1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, bu məqamı önə çəkdi ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ  və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.

Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.  Neft və qazın ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. İnsan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq.  Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.

Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını daha da genişləndirərək beynəlxalq miqyas alır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, iqtisadiyyatını inkşaf etdirmək istəyi iştirakçısı və təşəbbüsçüsü olduğu, həmçinin icrası uğurlu sonluqla başa çatdığı layihələrdə özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə davamlı uğurlar qazandırır, siyasi mövqeyini daha da möhkəmləndirir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə  enerji sektorunda qazandığımız uğurlar, dünyanın enerji xəritəsini dəyişən  layihələr, Azərbaycanın hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində atdığı addımlar geniş təhlil edildi. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut edib və iqtisadiyyatımızın müxtəlif sahələrinə, əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırılır.

Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı ki, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.

Azərbaycan qlobal aktor rolunda çıxış edir, yeni əməkdaşlıq şəbəkəsinin yaradılmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Ölkəmizin enerji diplomatiyasının uğurları qarşıdakı dövrün hədəfləri barədə aydın təsəvvür yaradır.