Xəbərlər
YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzçi Demokrat İnternasionalı (IDC-CDI) İcra Komitəsinin iclası və Baş Assambleyasında iştirak etmək məqsədilə 29-31 may tarixlərində Kot d’İvuar Respublikasının Abidcan şəhərində səfərdə olub.
Mayın 30-da keçirilən İcra Komitəsinin iclasında tədbirə ev sahibliyi edən Kot d’İvuarın iqtidar partiyası Demokratiya və Sülh Naminə Ufuetçitlər İttifaqının üzvü, Senatın prezidenti xanım Kandia Kamara qonaqları salamlayaraq 100-dən artıq siyasi partiyanı təmsil edən IDC-CDI tədbirinin ölkəsində keçirilməsindən məmnunluğunu bildirdi.
Daha sonra IDC-CDI-ın prezidenti Andres Pastrana və baş katib Antonio Lopez-İsturiz çıxış edərək qurumun 2024-cü il noyabrın 18-də Kambocanın Siemreap şəhərində keçirilmiş son İcra Komitəsi iclasından sonrakı fəaliyyətinə nəzər salıblar. İclas təşkilati məsələlərin müzakirəsi ilə davam etdirildi.
Həmin gün baş tutan IDC-CDI Baş Assambleyasında da təşkilat rəhbərliyinin çıxışlarından sonra Meksikada məhkəmə üzvlərinin seçilməsi, Tanzaniyadakı ictimai-siyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Anqolada seçki şəffaflığı və hüquqi dövlət prinsipləri, G20 Dinlərarası Dialoq Forumu və IDC-CDI arasında əməkdaşlıq vasitəsilə beynəlxalq sülh, təhlükəsizlik və rifahın təşviqi, Myanmadakı vəziyyət, Albaniyada 2025-ci il parlament seçkiləri, Qəzzada humanitar böhran, Pakistan və Hindistan arasındakı vəziyyət və qlobal aclıq durumu ilə bağlı qətnamə layihələri müzakirə edilərək qəbul olunub.
Mayın 31-də IDC-CDI-ın Afrika ölkələrindən olan üzv partiyalarının Baş Assambleyası keçirilib, regiona dair məsələlər müzakirə olunub.