Xəbərlər
Kəngərli rayonunda 28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatı və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bayraq meydanında 28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva və Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nihal Vəliyevin çıxışlarında bildirilib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və fəaliyyət mexanizmi Azərbaycana əbədi müstəqillik, daimi suverenlik, əbədi inkişaf, güclənməkdə olan hərbi-siyasi güc və beynəlxalq siyasətdə hesablaşması vacib olan tərəf hörməti qazandırdı.
Tədbir bədii hissə ilə başa çatıb.