Xəbərlər
Budapeşt Zirvə görüşü Türk dünyasının həmrəyliyinə və rifahına mühüm töhfəsi ilə yadda qaldı

Ramid Namazov
Milli Məclisin deputatı
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü yeni siyasi-iqtisadi çağırışlar fonunda mühüm hadisə kimi dəyərləndirilə bilər.
İlk dəfə Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən və artıq xoş ənənəyə çevrilən bu toplantının türk dövlətlərindən kənarda – Macarıstanda keçirilməsi türk dünyasının gücünü, nüfuzunu və qlobal mühitdə qüdrətli geosiyasi obrazını nümayiş etdirdi.
Zirvə görüşü türk dövlətlərinin dünya miqyasında yeni iqtisadi-siyasi münasibətlər sistemi formalaşdırdığını, Avropa və Asiya coğrafiyasında güclü platformaya çevrildiyini təsdiqləmiş oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı zamanı diqqətə çatdırdığı məqamlardan da görmək mümkündür ki, TDT siyasi-iqtisadi-humanitar təşkilat kimi öz məram və ideyası yolunda inamla irəliləməkdədir.
Prezident İlham Əliyev ötən il Şuşada keçirilmiş TDT-nin dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq ikinci Zirvə toplantısının birgə məqsədlərə çatmaq yolunda yeni imkanların qapısı kimi xarakterizə etdi.
Dövlətimizin türk dünyasının birgə strateji hədəfləri uğrunda atdığı addımları, iqtisadi təşəbbüskarlığı və investisiya sahəsində liderliyi xatırladıldı. Vurğulandığı kimi, Azərbaycan iddialı investor qismində daim türk dünyasının sərmayə ehtiyaclarını təmin edir, ötən müddətdə ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard dollarından çox sərmayə qoymaqla iqtisadi inkişafı təşviq edir, türk iqtisadiyyatının yeni post-sənaye və müasir enerji bloklarını qurur.
Eyni zamanda, ölkəmiz Türk İnvestisiya Fondunun əsas maliyyə təchizatçılarından biridir. Bu sərmayə yanaşması və taktikası TDT-nin qarşılıqlı maliyyə və investisiya siyasətini müəyyən etməklə, birgə sərmayələrin təşviqini stimullaşdırır.
İnvestisiya Fondu üzv dövlətlər arasında bank, maliyyə və inkişaf institutlarını bir araya gətirmək, ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək üçün vahid xəzinəyə çevrilməyi qarşıya məqsəd qoyub ki, bu da türk dövlətlərinin uzunmüddətli iqtisadi baxışlarını, o cümlədən, enerji, nəqliyyat və logistika zəncirlərində sıx bağlantılarını təmin edəcək. Fond, həmçinin TDT-nin mikro, kiçik və orta biznes ailəsinin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.
Prezident İlham Əliyev türk dövlətlərinin nəqliyyat sahəsində əməkdaşlığının güclənməsinə nəzər yetirərək dövlətimizin nəqliyyat-liman infrastrukturlarının müasirləşməsinə böyük həcmdə sərmayələr qoyduğunu da xatırlatdı. Açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və region ölkələrinin açıq qapısı hesab olunur. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətlərinin təminatçısıdır. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq.
Azərbaycanda fəaliyyət göstərən 8 beynəlxalq hava limanı və yaxın vaxtlarda istifadəyə veriləcək 9-cu liman bölgənin tranzitlərini birləşdirəcək, xüsusilə də erməni işğalından azad edilmiş ərazilərdə yerləşən 3 beynəlxalq hava limanı regionu azad iqtisadi zonaya çevirəcək.
Bütün bu potensial TDT dövlәtlәrinin ortaq logistika habı olan Orta Dəhlizdə daha sıx inteqrasiyasını da dərinləşdirəcək. Dəhlizlə aparılan daşınmalar isə dayanmadan artır, rekord göstəricilərə yaxınlaşır.
2024-cü ildə Türkiyәnin vә Mәrkәzi Asiya dövlətlərinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcminin 11 milyon ton təşkil etməsi, habelə Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşıma qabiliyyətinin 5 milyon tona çatması bu nəhəng tranzit qovşağının dayanıqlı gücünü nümayiş etdirir.
Yeri gəlmişkən, Zəngəzur dəhlizi də artıq “Kəmər və yol” təşəbbüsünun tərkib hissəsi olan Orta Dəhlizin ayrılmaz qolu hesab edilir ki, bu da TDT-nin daşınmalarda qlobal payını daha da artıracaq.
Azərbaycan müasir logistikaların rəqəmsal platformasını da müəyyənləşdirir. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verərək TDT üzvləri ilə birgə Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işləri davam etdirir. Bu ideya ötən il TDT Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biridir.
Türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artırmaq niyyətindədir. Həmin hədəf xətlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. "Rəqəmsal İpək Yolu” adlanan bu layihənin məramı Türk dövlətlərini dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşdirməkdir. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Beləliklə, “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.
Zəngəzur dəhlizi və Xəzər ilə Qara dənizi birləşdirəcək elektrik enerji ixracı kabeli, eləcə də digər infrastruktur layihələri TDT dövlətləri və Macarıstan üçün bağlantıların sıxlaşmasında mühüm fürsətdir, ümumi inkişaf üçün böyük töhfədir.
Azərbaycanın digər təşəbbüslərindən biri ötən il Bakıda keçirilən COP29 iqlim konfransında qəbul edilən və tarixə “Bakı sıçrayışı” kimi daxil olan iqlim maliyyəsi strategiyasının inkişaf etdirilməsi, bu strategiyanın əsas prioritetlərindən biri olan “yaşıl həmrəylik” halqasında Türk dövlətlərini daha sıx birləşdirməkdir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın COP29 çərçivəsində “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalaması və Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına bərpaolunan enerjinin ixracına hazırlaşması ümumilikdə, TDT-nin yeni ixrac simasını formalaşdıracaq, sərmayədar statusunu möhkəmləndirəcək.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamə üzv dövlətlərin, eləcə də Macarıstanın siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunun artmasında yeni strateji niyyət hesab oluna bilər.
TDT çərçivəsində müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığı genişləndirmək məramının bəyan olunması isə Türk dövlətlərinin hərbi-siyasi potensialının artırılması və qarşılıqlı mübadilənin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə ev sahibliyi etməsi isə əlaqələrin dinamikasında yeni imkan və potensialların inteqrasiyasında əhəmiyyətli rol oynayacaq.