YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Budapeşt Bəyannaməsi: Türk Dövlətləri Təşkilatının güc mərkəzi

"Türk Dövlətləri Təşkilatı (TDT) artıq beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Dünyanın yeni siyasi düzəninin formalaşmasında önəmli rol oyanayacaq bu təşkilat artıq yeni siyasi qütb kimi özünü təsdiq etməkdədir. Bu güc mərkəzinin əsas təşəbbüskarı və təşkilatçısı Azərbaycan və Türkiyədir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu təşkilatın inkişafındakı rolları danılmazdır. Bu gün Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilməsi məhz bu liderlərin səyi nəticəsində mümkün olmuşdur. Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bunu bir daha təsdiq etdi. Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev həm TDT-nin keçdiyi qısa müddətə nəzər saldı, görülən işləri diqqətə çatdırdı, həm də atılacaq addımlara, gələcək fəaliyyətlərə toxundu”. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması və bu ildən Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması TDT-nin sadəcə siyasi və mənəvi birlik deyil, iqtisadi güc mərkəzi kimi də gələcəkdə öz sözünü deyəsəyini düşünməyə əsas verir: “Cənab Prezident çıxışında son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyduğunu bildirdi və qeyd etdi ki,  açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Bu layihələr nəticə etibarı ilə Orta Asiya ölkələri ilə Avropa arasında iqtisadi əlaqələrin güclənməsinə səbəb olacaqdır və Macarıstan bu prosesdə önəmli rol oyanayacaqdır. TDT-yə  üzv dövlətlərin yerləşdiyi coğrafiya və onların birgə sahib olduğu güc faktoru təşkiların daha da güclənməsini qaçılmaz edir. Bu gün türk dövlətlərini birləşdirən əhəmiyyətli layihələr var. Həmin layihələrdən biri və bəlkə də ən önəmlisi Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi türk dövlətləri üçün həyati əhəmiyyətə malikdir.  Bu dəhliz logistika baxımından dünya üçün böyük dəyərə malikdir”.

Millət vəkili qeyd etdi ki, TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamə əhəmiyyətli siyasi sənəd kimi tarixə düşəcək. TDT Budapeşt Bəyannaməsini qəbul edərək üzv dövlətlər arasında həmrəyliyi bir daha təsdiqləyib və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC), Macarıstan və Türkmənistanı “Türk dünyasının ayrılmaz hissəsi” kimi tanıyıb. Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciətinin dəstəklənməsi türk dünyasının güclənməsi və təşkilatlanması istiqamətində atılmış mühüm addımlar hesab olunur. Liderlər Türkiyənin regional sülhün təşviqində konstruktiv rolunu, xüsusilə Suriyada sabit siyasi keçid, sanksiyaların ləğvi və ərazi bütövlüyünün qorunması istiqamətindəki səylərini yüksək qiymətləndiriblər. TDT bütün dünyanı narahat edən siyasi proseslərə biganə qalmır, qlobal problemlərin həllinə dair təşəbbüslərlə çıxış edir. Bu mənada bəyannamədə Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunması, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək öz əksini tapıb. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilib. Digər mühüm nəticələrdən biri Budapeştdə Əfqanıstan üzrə İşçi Qrupunun yaradılması olub. Sammit həmçinin terror, transmilli cinayətlər və kibertəhlükələrə qarşı birgə fəaliyyətə çağırış edib və müdafiə sənayesində əməkdaşlığın sürətləndirilməsini tələb edib. Üzv dövlətlər dezinformasiya, irqçilik, islamofobiya və nifrət nitqi ilə bağlı səyləri uyğunlaşdırmağa söz veriblər. Göründüyü kimi, Budapeşt Bəyannaməsi Türk Dövlətləri Təşkilatının güc mərkəzi kimi meydana çıxmasını şərtləndirir”.