Xəbərlər
Avropa İttifaqı iqtisadi və enerji təhlükəsizliyi arxitekturasında Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir

Mübariz Qurbanlı
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Avropa İttifaqına üzv və qeyri-üzv dövlətlərin liderlərinin iştirakı ilə may ayının 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı Avropanın siyasi həyatında mühüm hadisə oldu. Dünya nizamının mühüm dəyişikliklərə məruz qaldığı bir şəraitdə bu sammitin keçirilməsi Avropanın siyasi və iqtisadi prioritetləri ətrafında dialoq və əməkdaşlığın gücləndirilməsinə xidmət edirdi.
Təsadüfi deyil ki, Zirvə toplantısında müzakirə olunan məsələlərdən biri Avropanın yeni dünya kontekstində lider mövqe tutması mövzusuna həsr olunmuşdu. Son dövrlərdə siyasi qütblər arasında ziddiyyətlərin kəskinləşməsi və ya onlar arasında münasibətlərin yeni məzmun alması, başqa cür ifadə etsək dəyişən dünya nizamı Avropanı və xüsusən Avropa İttifaqını dərindən düşündürür və narahat edir. Avropanı təmsil edən 50-yə yaxın ölkədən dövlət və hökumət başçısının Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfər etməsi bu məsələyə olan maraqdan xəbər verirdi.
Budəfəki toplantıda Azərbaycan Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Məlum olduğu kimi dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına Albaniya Respublikasının Baş naziri Edi Rama ilə yanaşı, həm də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə qatılmışdı. Bu da ondan xəbər verir ki, Azərbaycanın regional və qlobal proseslərdə iştirakı və ya bu proseslərə təsiri Avropa İttifaqı tərəfindən maraqla qarşılanır və eyni zamanda düzgün dəyərləndirilir.
Məlum olduğu kimi son bir neçə ildə Avropa İttifaqı Azərbaycanla münasibətlərin sərinləşməsinə gətirib çıxaran addımlar atıb. Xüsusən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bu qurumun Ermənistanı müdafiə edən mövqe ortaya qoyması, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası adı altında həyata keçirdiyi “binokl diplomatiyası” əlaqələrdə soyuqluq yaradıb. Bu məsələdə əsas rolu Avropa İttifaqının əvvəlki administrasiyasının Azərbaycana qarşı ədalətsiz münasibəti oynayıb.
Lakin dəyişikliklərə məruz qalan dünya nizamı Avropa İttifaqını bu cür siyasi fəaliyyətdən imtinaya vadar edir. Hazırda özünün iqtisadi və enerji təhlükəsizliyi ətrafında daha çox düşünməyə məcbur olan Avropa İttifaqının yeni administrasiyası bu məsələlərdə Azərbaycanla tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, Ermənistanın isə Avropanın maraqları baxımından heç bir rol oynamadığını başa düşür. Hələ aprel ayında Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinin də əsas səbəbi budur. Xatırladım ki, bu vəzifəni ötən ilə qədər daşıyan Cozef Borel ermənipərəst siyasət yürüdürdü.
Prezident İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə də Azərbaycanla tərəfdaşlığa verilən önəm aydın ifadə olundu. Həm Antonio Koşta, həm də Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirdilər. Bununla yanaşı, Azərbaycanın Orta Dəhlizdə aparıcı rolu, regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da görüşdə məmnunluqla qeyd edildi.
Bütün bunlar bir daha göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq siyasətinin həyata keçirilməsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu anlayır. Bundan çıxış edərək Avropa İttifaqı həm də Azərbaycanı regionun lideri, Prezident İlham Əliyevi isə həm Cənubi Qafqaz regionunda, həm də qlobal səviyyədə gedən proseslərə təsir edə bilən siyasi lider kimi qəbul edir. Cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı zamanı Avropanın siyasi liderləri ilə səmimi görüşləri də deyilənlərin təsdiqi sayıla bilər. Bütün bu görüşlərdə Prezident İlham Əliyevə göstərilən yüksək ehtiramın şahidi olduq.
Bütövlükdə, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı bir daha təsdiqlədi ki, Azərbaycan çoxvektorlu xarici siyasəti ilə beynəlxalq səviyyədə nüfuzlu və ehtiram göstərilən dövlətə çevrilib. Ona görə Avropa İttifaqı da özünün siyasi və iqtisadi arxitekturasında Azərbaycanla tərəfdaşlığa önəm verir.