YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Cəsur Vətən oğlu”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Respublika Xatirə Kitabı Redaksiyası Şəmkirdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Babək Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Şəmkirin 331 sakini şəhidlik zirvəsinə ucalıb. O, Babək Namazovun öz cəsurluğu və qəhrəmanlığı ilə xüsusilə seçildiyini, “Azərbaycan Bayrağı” ordeni və 6 medalla təltif olunduğunu vurğulayıb.

Şair-publisist Rəfail Tağızadə şəhidin keçdiyi döyüş yolu barədə məlumat verib.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova “Cəsur Vətən oğlu”nun Xatirə Kitabı ilə "Bakı-Xəbər" qəzetinin birgə layihəsi çərçivəsində nəşr olunduğunu bildirib: “Kitabda Babək Namazovun vətən və yurd sevgisi, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər xarakteri öz əksini tapıb. Cəsur Qarabağ döyüşçüsünün həyat və qəhrəmanlığından bəhs edən kitabın gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi sahəsində böyük əhəmiyyət kəsb edəcəyinə ümid edirik”.

Kitabın müəllifi Hikmət Məlikzadə şəhidlərin adının əbədiləşdirilməsinin mənəvi borc olduğunu, özünün də bu sahədə az da olsa pay sahibi olduğu üçün rahatlıq tapdığını diqqətə çatdırıb.

Mərasimdə Əliyaqublu kənd məktəbinin direktoru Ziyafət Aslanova, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova və başqaları Babək Namazov haqqında xatirələrini söyləyiblər.

Şəhidin valideynləri Sahman Namazov və Mehriban Namazova, əmisi Mehman Namazov və başqaları çıxış edərək öz minnətdarlıqlarını bildiriblər.

Mərasimdən sonra şəhidin Əliyaqublu kəndindəki məzarı ziyarət edilib.