YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan: vahid inkişaf konsepsiyası və yeni perspektivlər

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf prioritetlərinin daha geniş strateji çərçivədə nəzərdən keçirildiyini göstərdi. Müsahibədə səslənən fikirlər Naxçıvanın yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan strateji ərazi kimi deyil, eyni zamanda ölkənin enerji, nəqliyyat, iqtisadiyyat, turizm və regional əməkdaşlıq siyasətində mühüm həlqə kimi mövqeyinin gücləndirildiyini nümayiş etdirir.

Naxçıvanın inkişafı artıq ayrı-ayrı infrastruktur layihələrinin məcmusu kimi deyil, vahid və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim olunur. Təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, şəhərsalma, sosial rifah və milli-mədəni irsin qorunması bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Prezident İlham Əliyev 2021-ci ildə Naxçıvana səfəri zamanı muxtar respublikanın enerji təminatının tam təmin edildiyini, qazlaşdırmanın və elektrik təchizatının yüksək səviyyəyə çatdığını, yol və su infrastrukturu üzrə mühüm layihələrin həyata keçirildiyini, sənaye və kənd təsərrüfatının inkişaf etdiyini, Naxçıvanın böyük turizm potensialına malik olduğunu bildirmişdi. 2026-cı ilin avqustunda səsləndirilən mesajlar isə həmin mərhələdən daha irəliyə gedən, Naxçıvanın gələcəyini onilliklər perspektivində müəyyənləşdirən yanaşmanın formalaşdığını göstərir.

Dövlət başçısı vurğulayıb ki, Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Bu istiqamət muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasında sənayeləşmənin xüsusi əhəmiyyət daşıdığını göstərir.Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvan Sənaye Parkının təməlqoyma mərasiminin keçirilməsi də bu siyasətin artıq praktiki mərhələyə keçdiyini nümayiş etdirir. Sənaye parkının yaradılması barədə qərar 2024-cü ildə qəbul edilib və parkın Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 hektar ərazidə yerləşdirilməsi nəzərdə tutulur. Naxçıvan Sənaye Parkının qarşıdakı dövrdə muxtar respublikanın iqtisadi strukturunda mühüm rol oynaması gözlənilir. Parkın ərazisində elektrik və istilik enerjisi, qaz, su, rabitə və nəqliyyat infrastrukturu ilə yanaşı, istehsal, inzibati və sosial obyektlərin yaradılması nəzərdə tutulur. Bu isə sənaye müəssisələrinin fəaliyyəti üçün zəruri olan vahid infrastruktur mühitinin formalaşdırılması deməkdir. Artıq potensial sahibkarların parka cəlb edilməsi istiqamətində layihələr üzrə danışıqların aparılması sənaye zonasında özəl sektorun iştirakına da xüsusi önəm verildiyini göstərir.

Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması muxtar respublikanın iqtisadiyyatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı və logistikanın bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirilməsi Naxçıvanın istehsal potensialının daha geniş miqyasda reallaşdırılmasına imkan verəcək. Naxçıvan Sənaye Parkı yalnız yeni sənaye müəssisələrinin yerləşəcəyi ərazi deyil, müasir texnologiyaların, investisiyaların, insan kapitalının və istehsal imkanlarının bir araya gətirildiyi yeni iqtisadi inkişaf platforması kimi qiymətləndirilə bilər. Onun tam fəaliyyətə başlaması Naxçıvanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, muxtar respublikanın regional ticarət və logistika sistemində mövqeyinin möhkəmlənməsinə də xidmət edəcək.

Prezident İlham Əliyevin səfəri Naxçıvanın gələcəyinə dair yalnız növbəti layihələrin təqdimatı kimi deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, sosial rifah və milli-mədəni irsin vahid inkişaf konsepsiyasında birləşdirildiyi yeni mərhələnin siyasi və strateji mesajı kimi qiymətləndirilə bilər.